Lukaşenko: "Rusiyada hansısa ağıllı bizi diz çökdürəcəyini düşünürsə, bilsin ki, bu, olmayacaq"
"Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır".
APA-nın “Belta”ya istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib.
“Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara... Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“.
A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: "Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.
732 dəfə oxundu