Bloggerlərin havayı reklam dövrü bitdi - vergi verəcəklər

Bloggerlərin havayı reklam dövrü bitdi -
Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü. Bəzi blogerlər üçün qızıl dövr bitdi”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

“Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib.

Bloger mütləq reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında bilgilər verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.

Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?

Azərbaycanda əsasən Meta (İnstagram, Facebook və s) və Google (Youtube və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir.

Son dövrlərdə TikTok da bu bazardan xeyli pay qopardır. Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır.


Sosialda az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdann yuxarı dövriyyəsi ola bilər. Ümumiyyətlə isə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat olmaqla, hətta 10-15 min manat da alan blogerlər var.

Əksəriyyət isə elə də böyük pullar qazanmırlar. Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması görsənir. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.

O.Gündüz bildirib ki, influenserlərin və blogerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir:

“Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar.

Bu dəyişikliklər reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcək?

Düşünürəm ki, ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da, heç bir vergi ödəməyənlər də vardır.

Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır.

Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək.

Amma risklər də var. Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada bilər, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər.

Sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...