Bu qərar Azərbaycanda ətin qiymətini bahalaşdıracaq

Bu qərar Azərbaycanda ətin qiymətini bahalaşdıracaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır.

Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar artıb. Bildiyimiz kimi, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-nı təşkil edib.

AQTA tərəfindən qəbul edilən Gürcüstandan xırdabuynuzlu heyvanların idxalının məhdudlaşdırılması qərarı ölkədə ət bazarına necə təsir edəcək?

Yenisabah.az mövzunu iqtisadçı ekspert Xalid Kərimli ilə müzakirə edib. Xalid Kərimli bildirib ki, Azərbaycanda son illər xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Belə ki, 2015-ci ildə ölkədə 8 milyon 645 min baş qoyun və keçi var idisə, 2023-cü ildə bu rəqəm azalaraq 7 milyon 752 min baş təşkil edib. Həmin dövrlə müqayisədə də ölkə əhalisinin sayında yarım milyon nəfərə yaxın artım müşahidə edilib.

Ekspert qeyd edib ki, qoyun və keçi ətinin istehlakı da artıb. 2012-ci ildə ölkədə 70.4 min ton qoyun və keçi əti istehlak edilibsə, 2022-ci ildə bu rəqəm 89 min tona çatıb. Bu rəqəmlər onu göstərir ki, xırdabuynuzlu heyvanların sayı azalır, bu heyvanların ətinin istehlakı isə artır.

“Digər tərəfdən də Gürcüstandan gələn xırdabuynuzlu heyvanlara qoyulan məhdudiyyət təbii ki, qoyun ətinin bahalaşmasına gətirib çıxaracaq. Bu məhdudiyyətdən sonra Gürcüstan diri qoyun yerinə kəsilmiş heyvan əti satmağa çalışacaq. Bu isə yenə də qiymət artımına gətirib çıxaracaq. Ümumiyyətlə, hər hansı məhduduyyətin tətbiq edilməsi bazara girişi azaldır. Gürcüstan bu məhsulların idxalında əhəmiyyətli rol oynadığına görə, təsirlər qaçılmaz olacaq”, - deyə ekspert əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...