Talıbovun bütün adamları tutuldu

Talıbovun bütün adamları tutuldu

“Hazırda Naxçıvanda aradşırmalar gedir və həbs olunan insanlar dindirilir, ifadə verirlər. Bu da istintaq sirridir deyə, hələ ki nə vəkillər, nə də ki, hüquq-mühafizə orqanları tərəfindən bu barədə açıqlama verilmir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

Vəkil ötən gün Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbsinə, habelə Naxçıvanda baş verən silsilə həbs dalğasının Vasif Talıbovu da “vurma” ehtimalından söz açıb. Ə.Mustafayevə görə, təcrübələr göstərir ki, keçmiş “MTN işi”, yaxud Hacı Məmmədovun dəstələri ilə bağlı olan işlərdə də dəstə üzvləri sonradan günahı bir-birinin üzərinə yıxırdı ki, onlar, ancaq icraçı olub, məcbur edilib və s:

“İndi də kimlərsə öz cəzalarını yüngülləşdirmək və ya istintaqla razılığa gələrək etirafedici - bu, praktikada var - fikirlər səsləndirə bilər. Əgər o, istintaqın gedişatını kömək edirsə, onun cəzası yüngülləşə bilər. Yəni bu kimi istintaq razılaşması əsasında belə ifadələrin verilməsi mümkün və gözləniləndir”.

“Hamı bilir ki, muxtar respublikada Vasif Talıbov “xan” idi. Bu, təkcə onun təxəllüsü deyil, eləcə də praktiakda da o, xan idi. Naxçıvanda olanlar bilir bunu. İndi də həmin həbs olunan adamlar vaxtilə onun əmriylə hərəkət ediblər. Çünki Vasif Talıbovun razılığı olmadan heç bir cinayət hadisəsi baş verə bilməzdi”, - əlavə edib.

Hüquq müdafiəçisi güman edir ki, Naxçıvanda baş verən həbslərin istintaqında da belə ifadələr olacaq: “Ancaq bu, Vasif Talıbovun həbsinə gətirəcək, ya yox, bu, sual altındadır. Çünki Eldar Mahmudovun da əleyhinə çoxlu ifadələr verildi, lakin o, hələ də həbs edilməyib”.

Onun sözlərinə görə, burada bizə, ancaq gözləmək qalır: “Lakin hesab edirəm ki, cəmiyyətdə və xalqda ədalətə müəyyən ümid yaratmaq üçün, əgər Vasif Talıbova qarşı ifadə verilərsə və bu, öz təsdiqini taparsa, mütləq həbs və mühakimə olunmalıdır. Çünki insanlarda bir əminlik yaratmaq lazımdır ki, əvvəl-axır hər bir cinayət öz cəzasını alacaq. Əgər bu, olmasa, insanlarda yenə də belə bir fikir yaranacaq ki, ancaq kiçik məmurlar qurban gedir və əsas göstəriş verən qalır kənarda.

Ümid edirəm ki, Vasif Talıbovun haqqında obyektiv və ədalətli araşdırılma aparılacaq və təqsiri sübut olunarsa, məsuliyyətə cəlb olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...