Azərbaycanda narkomanların şok - STATİSTİKASI
Dünyanın əksər ölkələrini narahat edən əsas məsələlərdən biri əsrin bəlası - narkomaniyanın geniş yayılmasıdır. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür.
Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov modern.az saytına bildirib ki, bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamır və ya anlamaq istəmirlər. Direktor, həmçinin mövcud statistika ilə bağlı rəqəmləri də açıqlayıb: "Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsil alanların narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən "Narkotiklərə YOX deyək!" şuarı altında kompaniya davam edir.
Respublika üzrə qeydiyyatda olan narkomanların ümumi sayı 28 656 nəfərdir. Dispanser qeydiyyatında olanlar 23 042 nəfər, profilaktik qeydiyyatda olanlar 5614 nəfər, anonim müalicə alanlar isə 666 nəfərdir. Narkoman qadınların ümumi sayı 554 nəfərdir. Dispanser qeydiyyatında olanlar 399 nəfər, profilaktik qeydiyyatda olanlar 155 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 152 nəfərdir ki, onlardan da dispanser qeydiyyatında olanlar 151 nəfər, profilaktik qeydiyyatda olanlar 1 nəfərdir".
T.Məmmədhəsənov bildirib ki, 2014-cü il ərzində 1235 narkoman qeydiyyata götürülüb: "Dispanser qeydiyyatında olanlar 963 nəfər, profilaktik qeydiyyata götürülənlər isə 272 nəfərdir. Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 955 nəfər olub. Dispanser qeydiyyatında olanlar 454 nəfər, profilaktik qeydiyyatda olanlar 501 nəfər nəfər təşkil edib".
O, mövcud problemin həllinə dair ölkədə görülən işlər barədə də danışıb: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2014-cü il ərzində müayinədən 2547 nəfər keçib. Həmçinin, 2014-cü il iyunun 20-dən və dekabrın 15-nə qədər qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin məhv olunmasında Respublika Narkoloji Mərkəzin nümayəndəsi iştirak edib".
T.Məmmədhəsənov qeyd edib ki, Ədliyyə Nazirliyinin nəzdində yaradılmış narkoloji şöbələrin fəaliyyətini artırmaq məqsədilə də bir sıra tədbirlər görülüb: "Azadlıqdan məhrumetmə ilə yanaşı üzərlərində məcburi müalicəsi olan şəxslər əgər azadlığa buraxılıblarsa, lakin onlar üzərində bu müddət qalmış olarsa onların sonrakı müalicəsi "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq narkoloji tibb müəssisələrində aparılır. Məcburi müalicə müddəti başa çatdıqdan sonra onlar haqqında məlumatlar müvafiq rayon məhkəmələrinə verilərək qeydiyyatda olduqları rayon üzrə narkoloji xəstə kimi dispanserizasiyaya cəlb olunurlar. Ötən il Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi təmin olunub. Respublika üzrə cəmi 2963 nəfər ekspertizadan keçib.
2014-cü il ərzində 18 özəl tibb müəssisəsinə və 3 aptekə baxış keçirilib və müvafiq aktlar tərtib olunub. Azərbaycan Respublikasının ərazisində prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunur. Lisenziya (xüsusi razılıq) verilməsi ilə əlaqəli müəssisələrə yerlərdə baxış keçirilir və bu haqda müvafiq aktlar tərtib olunur. 2014-cü ildə 1 müəssisəyə belə lisenziya verilib".
1129 dəfə oxundu