“Rusiya neft hasilatını azalda bilməz, çox baha başa gələr”
Rusiya OPEC-lə neft hasilatının azaldılmasına dair anlaşma əldə edə bilməz. Virtualaz.org saytı xəbər verir ki, bu barədə “LUKoil” prezidenti Vahid Ələkbərov “Rossiya 24” telekanalına müsahibəsində deyib. Azərbaycanlı neft maqnatı deyib ki, Rusiyada neft hasilatını azaltmaq asan məsələ deyil. Ölkədə neft hasilatının texnoloji xüsusiyyətləri elədir ki, hasilatı azaltmaq həddən artıq baha başa gələ bilər.
“Bizim mürəkkəb neft yataqlarımız var, onların çoxu aşağı hasilata malikdir. Quyuları dayandırmaq mümkün deyil, çünki onların yenidən işə salınması dayandırmaqdan baha başa gəlir. Bəzən isə yataqları ümumiyyətlə yenidən işə salmaq mümkün olmaya bilər”-Ələkbərov bildirib. Bu günlərdə “Rosneft” prezidenti İqor Seçin də elan edib ki, Rusiya OPEC-ə üzv olmaq niyyətində deyil.
İ.Seçinin bu bəyanatı dünya bazarlarında neftin qiymətinin bir qədər də azalmasına səbəb olub. Hazırda OPEC-ə daxil olan ölkələrin bir çoxu hasilatın azaldılmasına tərəfdardır, ancaq bunu kartelə daxil olmayan ölkələrlə birgə etməyi təklif edirlər. Əks halda OPEC-in hasilatı azaltmasının effekti aşağı olacaq.
1111 dəfə oxundu