Ulyanovskda azərbaycanlıya vəzifə verilib

Ulyanovskda azərbaycanlıya vəzifə verilib

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının sədri İslam Hüseynov bu vilayətin qubernatoru Aleksey Russkixin ictimai əsaslarla müşaviri təyin edilib.

URAMMM sədri İslam Hüseynov "Report"a bildirib ki, bununla bağlı qubernator Aleksey Russkix 31 yanvar 2022-ci il tarixli müvafiq sərəncam imzalayıb.

Göstərdiyi etimada görə qubernatora minnətdarlığını bildirən soydaşımız bu addımı Azərbaycan diasporunun Ulyanovsk vilayətindəki uzunmüddətli fəaliyyətinə verilən yüksək qiymət adlandırıb: “Qubernator komandasında olmaq böyük şərəf və məsuliyyətdir. Ulyanovsk vilayətinin qarşısında, o cümlədən millətlərarası sferada bir çox mürəkkəb və maraqlı məsələlər durur. Onların həllinə öz töhfəmi verməyə ümid edirəm”.

Qeyd edək ki, İ.Hüseynov 2005-ci ildən Ulyanovsk vilayətində Azərbaycan diaspor təşkilatının rəhbəridir. Ulyanovsk vilayətinin qubernatoru yanında Millətlər Şurasının üzvüdür. Onun rəhbərliyi ilə URAMMM müntəzəm olaraq Ulyanovsk vilayətində mədəniyyət, idman, xeyriyyə və təhsil layihələrini həyata keçirir. Bu layihələr əsasında Ulyanovsk Xalqlar Dostluğu Parkının ərazisində Azərbaycanın ekspozisiyası bərpa edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb və onun adını daşıyan meydan salınıb. URAMMM fəalları Heydər Əliyevin adını daşıyan 78 nömrəli Ulyanovsk orta məktəbinin şagird-müəllim kollektivinə xüsusi diqqət və qayğı ilə yanaşırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə İslam Hüseynov “Tərəqqi” medalı ilə təltif edilib. Soydaşımız həmçinin Ulyanovsk vilayəti hökumətinin “Xalqlar dostluğu” medalına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...