56 min dollarlıq təqaüd qazanan azərbaycanlı tələbə üçün iş təklifləri gəlib
Azərbaycanlı şagird Yasin Quliyev təhsilini Türkiyədə, öz zəhməti hesabına qazandığı Sabancı Universitetində davam etdirməyə qərar verib.
Bunu “Report”a açıqlamasında Türkiyədə ali təhsil üzrə 56 min dollarlıq təqaüd qazanan 17 yaşlı Yasin Quliyevin atası Yalçın Quliyev deyib.
Qeyd edək ki, Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərinə - University of Massachusetts Boston, University of South Florida, Illinois State University-yə qəbul təklifi, Türkiyə Bahçeşehir və Sabancı univeristetlərində isə pulsuz təhsil almaq hüququ qazanıb.
Yalçın Quliyev son günlər oğlu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən ehtiyatlandığını da dilə gətirib: “İstəməzdim ki, Yasinin bu uğuru və bundan irəli gələrək ictimaiyyətin müzakirəsi ona təhsil aldığı müddətdə mənfi təsir etsin. Onun həyatı qabaqdadı, öz uğurlarını davam etdirməlidir. Yasinin ən böyük arzusu oxumaq və araşdırmaqdır".
Atası qeyd edib ki, artıq Yasinə Türkiyədə fəaliyyət göstərən bəzi şirkətlərdən iş təklifi gəlib və tələbə olduğu müddətdə həmin şirkətlərin birində təcrübə keçmək üçün çalışacaq. “Bir valideyin olaraq biz də istəyirik ki, Yasin məsuliyyətli gənc kimi çalışsın və zəhməti ilə özünün digər xərclərini ödəsin. Çox sağolsunlar, xeyli insanlar əlaqə saxlayır və dəstək təklif edirlər. Lakin bu məsələ ilə bağlı kiminsə spekulyasiya etməsini qətiyyən istəmirik”.
Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.
743 dəfə oxundu