“Bakcell” “Formula-1” Azərbaycan Qran-Prisinin ilk rəsmi dəstəkçisi oldu

“Bakcell” “Formula-1” Azərbaycan Qran-Prisinin ilk rəsmi dəstəkçisi oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.

DİA.AZ xəbər verir ki, əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

Azərbaycan Qran Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib: “Bildiyiniz kimi bu ilin əvvəlində biz Formula 1 rəhbərliyi ilə Azərbaycan Qran Prisinin 2023-cü ilədək yarış təqvimində qalmasını təmin edən yeni müqavilə imzaladıq. Həmin müqavilə əsasında bəzi kommersiya haqları bizə verilmişdi və biz də bugünkü tədbir sayəsində həmin haqların ilk bəhrəsini görürük.

Bakcell kimi böyük nüfuza sahib yerli şirkətin Azərbaycan Qran Prisinə xüsusi dəstək göstərməyi bizi həqiqətən çox sevindirdi. İnanıram ki, bu gün imzaladığımız müqavilə qısa müddət ərzində hər iki tərəfə böyük faydalar verməklə əməkdaşlığın uzun illər boyunca güclənərək böyüməsini təmin edəcək”.

Tədbirdə Bakcell şirkəti adından çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski yeni əməkdaşlığın Bakcell üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir, Bakı Şəhər Halqası isə Formula 1 təqviminin ən sürətli şəhər trekidir. Azərbaycan Qran Prisi ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oynayır.

Bakcell da öz növbəsində milli mobil operator olaraq ölkənin inkişafına töhfə verən layihələrə daim dəstəyini göstərir və Azərbaycan üçün mühüm olan tədbirləri dəstəkləyir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu olacaq və bütün tərəflərə fayda verməklə yanaşı, həm də Formula 1 həvəskarlarına əlavə imkanlar və xoş sürprizlər gətirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...