AYB Musa Yaqubun müalicəsinə pul ayıracaq - AÇIQLAMA
"Musa Yaqub bizim sevimli şairimizdir. Ona Yazıçılar Birliyi müxtəlif mükafatlar təqdim edib. Anar müəllimin də ona münasibəti yaxşıdır. Tədbirini də keçirmişik. Amma Türkiyə ilə bağlı Anar müəllim də dediyi kimi, mənim xəbərim yoxdur. Məncə, bu, yanlış informasiyadır”. Gundeminfo.az xəbər verir ki, bu sözləri BakuPost-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. O, şair Musa Yaqubun AYB ilə bağlı səsləndirdiyi "mənə kömək etmədilər” ittihamına münasibət bildirib.
R.Məcid deyib ki, Musa Yaqubun səhhəti ilə bağlı müraciət olunarsa, hansısa dəstək ola bilər: "Azərbaycan prezidenti birliyə pul ayırıb. Musa Yaquba fəxri ad verilməsi ilə bağlı da hələ neçə il bundan qabaq Anar müəllim təqdimat verib. Ona başqa nə lazımdır? Dediyim kimi, o, bizim əziz şairimizdir”. Onu da əlavə edib ki, Musa Yaqubun səhhəti ilə bağlı məsələni AYB qaldıracaq.: "Mən deyərəm, baxılar, müalicəsi üçün vəsait ayrılar. Yenə də deyirəm, Musa Yaqub Azərbaycanın böyük şairidir, əslində, çoxdanın xalq şairidir”.
Qeyd edək ki, şair M.Yaqub "BakuPost”a müsahibəsində bildirmişdi ki, Yazıçılar Birliyinə müalicəsi ilə bağlı müraciət edib, lakin ona kömək etməyiblər: "Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək, icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi. Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər". AYB sədri, yazıçı Anar isə dünən BakuPost-a açıqlamasında bildirdi ki, Musa Yaqub ona müraciət etməyib: "Mənə müraciət olunmayıb. Biz Musa Yaquba yubiley tədbiri də keçirmişik, daha nə istəyir, bilmirəm?!”.
666 dəfə oxundu