Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
“AppLab” Akselerasiya Proqramina ərizə qəbulu başlayıb. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AppLab proqramının növbəti məzunlarını elan edib.
2018-2019-ci illər ərzində “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil edilmiş tədbirdə “Run2Help”, “Buket.az”, “Madebyaz” və “Balta” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. Gənc developeralərə Bakcell şirkətindən xüsusi sertifikatlar təqdim olunub.
“Biz görürük ki, Azərbaycanın gəncləri çox böyük bir potensiala malikdirlər. Mən əminəm ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. Bakcell fəxr edir ki, ölkənin ən innovativ məkanlarından biri olan “AppLab” Mərkəzindəki şəraitdən yararlanan komandaların yaratdığı mobil tətbiqetmələr və məhsullar müxtəlif platformalar üzərindən yüklənir və artıq istehlakçılar tərəfindən aktiv şəkildə istifadə olunur. Bu, bizim fəaliyyətimizin effektiv olmasının bariz nümunəsidir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”, deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Ötən ilin sonunda İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə imzalanmış müqavilə çərçivəsində Bakcell ilə İNNOLAND startaplar üçün inkubasiya proqramını birlikdə həyata keçirirlər. Buna görə də “AppLab” artıq Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə “AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış “Run2Help” layihəsi isə artıq “AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələri dəstəkləməyə davam edəcək.
711 dəfə oxundu