Kamal Abdulla tələbələri təbrik etdi -
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib.
ADU-nun rektoru akademik Kamal Abdulla gözəl gün münasibəti ilə hamını təbrik edib, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər, dostların artmasını arzulayıb:
“Dostlarınızın sayının artması sizin daxilən daha da gözəlləşməyinizin hesabına olur. Çünki insanlar yaxşı şəxsləri özlərinə dost seçirlər. Mən sizə mənən kamilləşməyinizi arzu edirəm. Sizə bolluca qar arzulayıram. Kədərlər, ağrılar, acılar ötən ildə qalsın. Bu universitet bizim doğma evimiz, ailəmizdir. Ən böyük arzumdur ki, oğlanlar və qızlar bacı-qardaş, müəllimlər və tələbələr valideyn-övlad münasibətində olsunlar. Bunun üçün mən də, həmkarlarım da əlimizdən gələni edirik və edəcəyik".
Rektor K.Abdulla Ümmummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan edilməsi ilə bağlı uzaqgörənliyindən söz açıb:
“Ulu öndər çox böyük uzaqgörənliklə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü azərbaycanlıların təqviminə salıb. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu, onu təkcə Azərbaycan Prezidenti yox, dünya azərbaycanlılarının Prezidenti olmasının açıq-aşkar sübutu idi. Mənə elə gəlir ki, biz zaman anlayışı ilə ondan uzaqlaşdıqca, mənən ona yaxınlaşırıq. Onun duyğuları, düşüncələri, hissləri bizə daha yaxın olur. Onun Azərbaycanla bağlı ölkəmizin, millətimizin, xalqımızın, hər birimizin taleyi ilə bağlı ağrılarını, düşüncələrini, dediklərini və demədiklərini hiss edirik. Bu yeni ildə sizin hamınızın adından Azərbaycan Prezidentinə can sağlığı arzulamaq istəyirəm. Onun Azərbaycan naminə dünya ilə mücadiləsini alqışlamaq, titanik zəhmətini qeyd eləmək istəyirəm. İnanıram ki, bu mücadilə Azərbaycanın xeyrinə həll olacaq. İnanıram ki, bizim tələbələrimiz Şuşa, Xankəndi, Xocavənd və başqa rayonlarımıza təcrübəyə gedəcəklər. O günlər də uzaqda deyil. Hamımız əl-ələ verib cənab Prezidentimizin ətrafında sıx birləşməliyik, o günü addım-addım yaxınlaşdırmalıyıq”.
Tələbələrin böyüklərini də bayram münasibəti ilə təbrik edən rektor onları da ADU ailəsinin üzvləri hesab etdiyini bildirib.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin Təhsil fakültəsinin tələbələri Murad Əliyev, Əsmər Seyidzadə, Fidan Əliyeva, Nərgiz Məcidli, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahverən Babayev müxtəlif dillərdə mahnılar ifa ediblər.
Tədbirdən sonra universitetin tələbələri və əməkdaşları üçün bayram süfrəsi açılıb və əyləncə təşkil olunub.
858 dəfə oxundu