KİVDF-nin müsabiqələrinin şərtləri dəyişəcək
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər, ölkənin aparıcı mətbuat orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak edib.
Müsabiqə barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu ilin noyabr ayının 8-dən dekabr ayının 14-dək davam edən müsabiqəyə 64 KİV-dən 160 yazı daxil olub:
"Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə görə 1-ci yerin qalibi üçün bir nəfər 500, 2-ci yerlər üçün iki nəfər 400, 3-cü yerlər üçün 300 manat məbləğində üç nəfər mükafatlandırılacaq".
V. Səfərli 2019-cu ildən etibarən Fond tərəfindən jurnalistlər üçün keçiriləcək fərdi yazı müsabiqəsinin şərtlərində də dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.
V. Səfərli bildirib ki, növbəti ildən müsabiqədə iştirak edəcək jurnalistlərə yazının çap mediada çap edilməsi ilə bağlı qoyulacaq tələbin aradan qaldırılması nəzərdə tutulur:
"Bu məsələ ilə bağlı bizə müraciətlər vardı ki, onlayn mediada çalışan jurnalistlər müsabiqə üçün hazırladıqları yazıları çap etməyə çətinlik çəkirlər. Ona görə də çox güman ki, biz jurnalistlərə imkan verəcəyik ki, həmin məqalələri öz çalışdıqları onlayn mediada yerləşdirməklə müsabiqədə iştirak etsinlər. Təbii ki, digər şərtlərə əməl etməklə. Bəzən belə hallar olur ki, jurnalistlər faktiki media orqanında çalışmadığı halda, əmək kitabçası təqdim edirlər.
Hansısa media orqanı da buna şərait yaradır". Bundan əlavə V. Səfərli qeyd edib ki, bundan sonra əmək kitablarının elektron versiyasının tələb edilməsi istisna deyil. V. Səfərli qəzetlərin maliyyələşməsi prosesində dəyişikliklər olacağının gözlənildiyini də bildirib. O, qeyd edib ki, gələn ilin ikinci rübündən bu prosesin həyata keçirilməsi istisna deyil:" Bəzi qəzetlər ancaq agentlik materialları əsasında hazırlanır. Yetəri qədər işçisi yoxdur. Belə məqamlar da nəzərə alınacaq. Bu nəşrlərin cəmiyyətdə tələb və ehtiyac yoxdur".
V. Səfərli bildirib ki, onlayn medianın maliyyələşməsi diqqət mərkəzindədir. Bu xüsusda müzakirələr aparılır.
790 dəfə oxundu