Azərbaycanlılar ukraynalı qızları dərhal... - Ukraynalı deputat
Axar.az Ukrayna Ali Radasının Gənclər və idman siyasəti komitəsinin sədri Artur Palatnının Report-a müsahibəsini təqdim edir:
- Azərbaycanla Ukrayna parlamentləri arasındakı əlaqələri necə qiymətləndirirsiniz?
- Hazırda iki ölkənin millət vəkilləri arasında çox səmimi münasibətlər mövcuddur. Parlamentlərimizin gənclər və idman komitələri arasında əməkdaşlıq memorandumu imzalanandan sonra bu münasibətlər daha da səmimi xarakter aldı. Bu təşəbbüsün müəllifi Fuad Muradovdur (Milli Məclisin Gənclər və idman komitəsinin keçmiş sədri, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – red.), sağ olsun. Daha sonra aramızda bir sıra görüşlər olub, həm üz-üzə, həm də telefonla söhbət etmişik. Ukrayna parlamentindəki müxtəlif partiya qruplarının daxil olduğu futbol komandası ilə Bakıya gəlmişdik, bizi çox mehriban qarşılayıblar. Azərbaycanlıların qonaqpərvərliyi bizi valeh etmişdi.
- Gələcəkdə Azərbaycanla gənclər sahəsində birgə layihələr nəzərdə tutulurmu?
- Biz təcrübə mübadiləsi aparırıq. Hamımız vaxtilə Sovet İttifaqının tərkibində olmuşuq, düşüncə tərzimiz bir-birinə yaxın olduğu üçün asanlıqla anlaşırıq. O cümlədən rəhbəri olduğum komitədə olan qanun layihələrini birgə müzakirə edəndə çox maraqlı fikirlər ortaya çıxır. Azərbaycandan əxz edə biləcəyimiz də çox şey var. Eyni zamanda azərbaycanlı dostlarımız üçün də bizdəki məsələlərin böyük maraq kəsb etdiyinə şübhəm yoxdur.
- Ümumiyyətlə, Ukrayna ilə Azərbaycan gəncləri arasındakı qarşılıqlı münasibətlər barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Deyə bilərəm ki, bir çoxumuzun azərbaycanlı dostları, tanışları var. Kiyev şəhərinin meri Vitali Kliçko Azərbaycan səfiri ilə, habelə, mən bilən, Azərbaycan Prezidenti İlham Əliyevlə dostdurlar. Paytaxtda Ukrayna ilə Azərbaycan dostluğu adına park yaratmaq üçün böyük zəhmət çəkib. İndi orada gözəl park var, xatirə lövhəsi qurulub. Bizdə çox böyük və nüfuzlu Azərbaycan diasporu var. Bir çox qarışıq ailələr də qurulub, övladlar, nəvələr böyüdürlər. Bütün bunları xalqlarımız arasında həqiqi dostluğun əlamətləri kimi görürəm.
- Bu gün Ukraynada azərbaycanlıların sayı daha çox təhsil dalınca gedənlər hesabına artır. Ukraynada azərbaycanlı gənclərin fəallığı barədə nələr söyləyərdiniz?
- Məncə, gənclər hərəkatı, sadəcə, ayrı-ayrı şəxslər və ya qrupların işi deyil, dövlət səviyyəsində təşkilatlanmalıdır. Sözsüz ki, əldə edilməli hansısa məqsəd həmişə var. Ukraynada müntəzəm və yüksək səviyyədə Azərbaycan Günləri keçirilir, orada diaspor nümayəndələrilə bir yerdə dövlətin ali rəhbərləri də, o cümlədən elə Kiyevin meri Kliçko da, bir çox millət vəkilləri də iştirak edirlər. Bu gün SOCAR Ukrayna bazarında mühüm yer tutur, onların yanacaq məntəqələri üzərində Azərbaycan bayraqları ölkənizin günlərinin keçirildiyini xatırladır.
- Ukraynada Cənubi Qafqazın hər üç ölkəsindən gələnlər az deyil. Bu gün Ukrayna siyasətində, mediasında azərbaycanlı gənclər gürcü və ya erməni yaşıdları ilə müqayisədə nə dərəcədə fəaldır?
- Dövlətlər səviyyəsində fərqləndirmə aparılmadığı üçün ayrı-ayrı millətlərin sayına dair əlimizdə dəqiq rəqəmlər yoxdur. Ona görə də bu barədə danışmağa çətinlik çəkirəm. Şəxsən mənə elə gəlir ki, Ukraynada azərbaycanlılarla gürcülər ermənilərdən daha çoxdur. Məncə, bu məsələni diaspor rəhbərləri səfirləri ilə birgə müəyyənləşdirməlidirlər. Mən də komitə sədri kimi dövlət səviyyəsində dəstək verməyə hazıram. Məncə, diaspordan savayı, dövlət statuslu gənclər təşkilatları yaradılmalıdır. Bunu etsək, azərbaycanlı, gürcü, erməni gənclər təşkilatlarının nə qədər fəal olmasına dair mülahizə yürüdə bilərik.
- Ukrayna ilə Azərbaycan arasında gənclər sahəsində hansı layihələr gerçəkləşdirmək istərdiniz?
- Azərbaycan parlamentindəki müvafiq komitənin rəhbərliyinə bu yaxınlarda Ülvi Quliyev gəlib. İki ölkənin gənclər və idman nazirlikləri arasında da dost münasibətləri olduğundan əməkdaşlıq üçün geniş imkanlar var. İlk növbədə, şübhəsiz ki, idman layihələrinə üstünlük verilməlidir.
- Sizin fikrinizcə, gələcəkdə Ukrayna Ali Radasına azərbaycanlı gənclərin seçilməsinin ehtimalı nə qədərdir?
Əslində, bunun üçün maneə görmürəm. Parlamentə seçilmək üçün ölkə vətəndaşı olmaq, ən azı beş il Ukraynada yaşamaq şərtləri yerinə yetirilməlidir. Bayaq dediyim kimi, Ukraynada bir çox azərbaycanlılar yaşayır ki, çoxdan burada məskunlaşıb, yerli qızlarla evlənib, övlad sahibidirlər. Odur ki, Ukrayna torpağında doğulub böyüyən, yerli mentalitetə sahib olan azərbaycanlı gənclər varsa, əminəm ki, yaxın gələcəkdə dediyinizin şahidi olacağıq. Yəni hər hansı gənc siyastə meyl göstərirsə, özünü sınaya bilər. Burada milli mənsubiyyətlə bağlı heç bir ayrı-seçkilik yoxdur.
- Ukrayna parlamentində diasporlara kvota ayrılırmı?
- Vaxtilə millət vəkili olmuş, sonradan fisk xidmətinə rəhbər gedən azərbaycanlı Roman Nəsirov mənim köhnə dostumdur. Azərbaycan diasporunun da üzvüdür. Bundan başqa, bizim macar icmasının bir üzvü lazımi nüfuz qazanaraq parlamentə seçilib və hazırda millət vəkili kimi fəaliyyət göstərir. Lakin qanunla parlamentdə ayrı-ayrı millətlərə yer ayrılması bizdə yoxdur.
- Bayaq bildirdiniz ki, azərbaycanlılarla ukraynalılar arsında tez-tez qarışıq ailələr qurulur. Buna münasibətiniz necədir?
- Sizə deyim ki, ukraynalılar da qafqazlı olmasalar da, çox qonaqpərvərdirlər. Həmçinin Ukrayna demokratik ölkədir, belə şeylərə heç bir maneə, yaxud sovet dövründəki kimi qeyri-rəsmi qadağalar yoxdur. Bu gün Azərbaycan da sürətlə inkişaf edir, Bakıda olanda biz də bunun şahidi olduq, həm də avropasayağı gəncləriniz var. Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal “gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq. Yeri gəlmişkən, biz Bakıya gələndə təyyarədə çoxlu ukraynalı gənclər, oğlan və qızlar vardı. Yəni aradakı münasibətlərin bu qədər səmərəli inkişafını yalnız alqışlamaq olar.
- Müstəqillik dövründə də həm Azərbaycanda, həm Ukraynada bir çox gənclər vətən torpaqları uğrunda qan töküb, canından keçib və indi də qan axıdılır. Fikrinizcə, müasir gənclər daha vətənpərvərdir, yoxsa sovet dövrünün gəncləri?
- Bəli, ölkələrimiz ümumi bir problemlə üz-üzədir. Təəssüf ki, həm Azərbaycan, həm də Ukraynanın ümumi düşməni, əleyhdarı var – Rusiya Federasiyası. Yəni bunu xüsusilə vurğulamaq istərdim: Rusiyanın hökumətini, Putin rejimini nəzərdə tuturam, biz ukraynalılar ruslara düşmən münasibəti bəsləmirik. Əlbəttə, sizdə bu məsələ daha əvvəl başlayıb. Onu deyim ki, nə qədər xoşagəlməz olsa da, həmin hadisələr Ukraynada vətənpərvərlik ovqatının vüsət almasına olduqca böyük təkan oldu. Bəli, qan tökülür, insanlar həlak olur, buna son qoyulmalıdır. Keçmiş idmançı və idmanla bağlı komitə rəhbəri kimi deyə bilərəm ki, idmançılar, ümumiyyətlə, vətənpərvər olur, çünki idmançıların böyük zəhməti, səyi ilə ölkənin bayrağı qaldırılır, dövlət himni səslənir. Bizdə Maydan hərəkatı, Ləyaqət İnqilabı vətənpərvərlik ruhunu hədsiz yüksəldib. Gənclərimiz öz ölkəsi ilə daha çox fəxr edir, vətəni sevməyi, onu qorumağı öyrənir.
- Bəs ölkələrimizin gəncləri bir-birini dəstəkləməyə hazırdırmı?
- Ölkələrimiz oxşar problemlərlə üzləşib, sizdə Dağlıq Qarabağ, bizdə Donbas (Don hövzəsi) məsələsi. Bu gün gənclərimiz arasında əlaqələrin günü-gündən genişləndiyini nəzərə alsaq, yaxın gələcəkdə ukraynalı və azərbaycanlı gənclərin işğal altındakı əraziləri azad etmək, ölkələrinin suverenliyini bərpa etmək uğrunda birgə səylər göstərəcəyini istisna etmirəm. Mən həmçinin inanıram ki, yaxın illərdə Ukraynanın tarixi torpaqları azad olunacaq, işğalçı qüvvələrdən və qondarma LNR-in, DNR-in tör-töküntülərindən təmizlənəcək.
- Bəs ATƏT, AŞPA kimi beynəlxalq təşkilatlar çərçivəsində ukraynalı və azərbaycanlı millət vəkillərinin qarşılıqlı dəstək göstərmələri barədə nə deyərdiniz?
- Bizim gənclər və idman komitələr səviyyəsində tam qarşılıqlı anlaşma var, dövlət tərəfindən dəstək görürük. Lakin, məncə, son seçkilərdə bizim komitəyə həqiqi siyasətdən uzaq, siyasəti populizmlə səhv salan, öz mənafeyini güdən çoxlu şəxslər gəlib. Şübhəsiz ki, gələn il oktyabr ayının sonunda keçiriləcək seçkilər parlamentin mənzərəsini xeyli dəyişəcək, daha yaradıcı, qurucu parlament ortaya çıxacaq. İndi bizim torpaqlarımızı işğal edən düşmənlərlə apardığımız müharibədən savayı, tarixi ixtilaflar da mövcuddur. Odur ki, Brüsseldə də, yaxud AŞPA-da mandata təsadüfən yiyələnən ukraynalı millət vəkillərindən kimlərəsə rast gəlinə bilərdi. Ona görə də müəyyən anlaşılmazlıqlar mümkündür. Lakin həm Ukrayna, həm də Azərbaycan parlamentlərindəki millət vəkillərinin əksəriyyəti arasında çox səmimi, konstruktiv münasibətlər var.
835 dəfə oxundu