Tonoyanın İran səfiri ilə təcili görüşünün səbəbi

Tonoyanın İran səfiri ilə təcili görüşünün səbəbi

Ermənilərin Tovuz təxribatından sonra müttəfiqlərinin Ermənistana dəstək verməməsi rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Bu gün erməni ictimaiyyətində belə bir rəy formalaşıb ki, müharibə başlasa, heç kəs Ermənistana yardım etməyəcək. Məhz bu reallıqlar Ermənistan rəhbərliyini təşvişə salıb.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan Müdafiə naziri David Tonoyanın İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşməsi və görüşdə İranın hərbi attaşesinin iştirak etməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan Türkiyənin Cənubi Qafqazda Azərbaycanla birlikdə hərbi təlimlər keçirməsini Rusiya və İranın maraqlarına təhdid kimi göstərməyə çalışır:

“Məlum Tovuz hadisələri fonunda dünyanın bir çox ölkələri rəsmi şəkildə Azərbaycana dəstək verdi. Rusiya neytral mövqe sərgilədi, İran isə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini elan etdi. Ötən gün Ermənistan Müdafiə naziri Rusiyanın bu ölkədəki səfirliyinin hərbi attaşesi ilə görüş keçirdi. İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, müdafiə nazirinin görüşməsi bu prosesin davamıdır. Yəni bu görüşlərin ardı gələcək. Ermənistan bütün mümkün diplomatik variantlara əl atmağa davam edəcək. Çox güman ki, bu istiqamətdə işlər görülür”.

Politoloq bildirib ki, Ermənistanın həm Rusiya, həm də İranla hərbi müstəvidə əməkdaşlıq etməsi region üçün təhlükə yaradır:

“Məsələ ondadır ki, bu təhlükə Moskva və Tehran üçün daha böyükdür. Çünki Ermənistan rəhbərliyi israrla bu ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyir. Bu ölkələrin zəifləməsi isə İrəvana sərf edir. Bu gün Azərbaycan həm İran, həm də Rusiya ilə çoxtərəfli əlaqələrə malikdir. Bu ölkələrlə ciddi şəkildə hərbi və iqtisadi sahədə əməkdaşlıq edir. Rəsmi Bakı heç vaxt bu iki ölkəni özü üçün təhdid hesab etməyib. Bu mənada Ermənistanın təxribatçı, diplomatik fəaliyyətlərinin də qarşısını almaq zəruridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...