Atəşkəs anlaşması hansı tərəf üçün faydalı oldu - TƏHLİL

Atəşkəs anlaşması hansı tərəf üçün faydalı oldu -

Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsini nəzərdə tutan Bişkek protokolunun imzalanmasından 26 il keçdi. 1994-cü ilin 12 mayında qüvvəyə minən həmin sazişdən sonra cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılsa da, 2016-cı ilin aprel döyüşlərində işğalçı ölkə növbəti dəfə təxribatlara əl atdı və layiqli cavabını aldı.

Lakin ötən müddət ərzində bir gün də olsa, işğalçı ölkə atəşi dayandırmayıb, davamlı şəkildə sülh danışıqlarını əngəlləyən mövqe nümayiş etdirib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Twitter səhifəsində də atəşkəsin ildönümü ilə bağlı bildirilib ki, sülh prosesində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. “Bununla yanaşı, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini müntəzəm pozaraq təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, günahsız mülki şəxsləri də hədəf alır”, - deyə vurğulanıb.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans şəklində keçirilmiş iclasında da bəyan edib ki, Birlik məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir. Nazirin sözlərinə görə, Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir, bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır.

Ermənistan ordusunun Ağdamın işğal altındakı Uzundərə kəndi ərazisində elə bu günlərdə təlim keçirməsi, Nikol Paşinyanın Qarabağa səfəri və digər addımlar düşmənin sülh prosesini pozmaqda maraqlı olduğunu bir daha nümayiş etdirdi.

Üstündən 26 il keçəndən sonra atəşkəs haqqında sazişin imzalanmasına fərqli yanaşmalar var. Bəzi müşahidəçilər hesab edirlər ki, əgər o zaman saziş imzalanmasa, düşmən öz himayədarlarına arxalanaraq və onların hərbi-siyasi dəstəyindən bəhrələnərək daha geniş əraziləri zəbt edə bilərdi. Lakin əksini düşünənlər də var. Məsələn, 1994-cü ilin əvvəlində uğurla həyata keçirilmiş Horadizin azad edilməsi əməliyyatından sonra ordumuzun düşmənə növbəti sarsıdıcı zərbə vurmaq imkanlarının olduğunu deyənlər də var.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, o zaman qiyamçı polkovnik Surət Hüseynovun qiyamı nəticəsində ölkədə xaos yaranmışdı və ordumuz döyüş qabiliyyətini tam itirmişdi: “Düzdür, qiyam 1993-cü ildə baş vermişdi. Amma xaos sonrakı müddətdə də davam edirdi. Belə vəziyyətdə atəşkəs xeyrimizə işlədi”.

Ehtiyatda olan polkovnik-leytenant, Horadiz əməliyyatının iştirakçısı Üzeyir Cəfərov qəzetimizə o dövrün reallıqlarını açıqladı: “Artıq daha bir atəşkəs ildönümünü geridə qoyduq. 27-ci ildir ki, vəziyyət qətiyyən dəyişmir və belə gedişlə hələ uzun illər dəyişməyəcək. Atəşkəs haqqında müxtəlif fikirlər və mövqelər mövcuddur. Yaxşı yadımdadır ki, o sənəd imzalananda biz Füzuli döyüş briqadasının tərkibində aktiv döyüşlərimizi aparırdıq və ortalıqda pis nəticə də yox idi. Düşmən və onun havadarları artıq ordumuzun gücünü görürdülər və hiss edirdilər ki, ermənilər panik əhvaldadırlar. Əvvəllər əldə etdikləri əraziləri ardıcıl itirirdilər və belə bir məqamda onlar ortalığa bu atəşkəs haqqında sazişin imzalanması ideyasını atdılar. Əslində mən o vaxt da demişdim ki, bu atəşkəsin həm müsbət, həm də mənfi cəhətləri çox oldu”.

Ü.Cəfərovun sözlərinə görə, anlaşmanın müsbət cəhəti o oldu ki, bizə imkan yarandı ki, yeni hərbi güc toplayaq, silah və sursatımızı yeniləyək: “Müasir döyüş taktikasını tabor, briqada və daha yuxarı səviyyədə mənimsəyək və təkmilləşdirək. Bu haqda çox danışılıb və çox yazılıb deyə, əlavələr etməyə lüzum görmürəm. Mənfi tərəfi isə o oldu ki, əgər bilsəydik ki, böyük güclər bu atəşkəs adı altında işğalçıya bu qədər dəstək olacaqlar, bu qədər xain və mənfur mövqe sərgiləyəcəklər, danışıqlar adı altında illəri illərə calayacaqlar, sözsüz ki, atəşkəsə razılaşmazdıq və döyüşləri davam etdirərdik. Atəşkəsin mənfi təsirlərindən biri də o oldu ki, xeyli vaxt itirdik və düşmən də, havadarları da müxtəlif hoqqalar çıxartmaqla vaxt əldə etdilər”.

Ehtiyatda olan zabitin fikrincə, artıq qəti qərar vermək zamanı yetişib: “Mənə elə gəlir ki, artıq atəşkəsin vaxtının bundan sonra da uzanması mümkün olmayacaq. Ən azından 2016-cı ilin aprel hadisələrindən sonra artıq bizə tam bəlli oldu ki, başda Rusiya olmaqla, həm ABŞ, həm Fransa Ermənistana heç bir əməli təsir və təzyiq göstərmir, sadəcə, imitasiya ilə məşğuldurlar. Bunu Azərbaycanın siyasi-hərbi rəhbərliyi də artıq görür və hiss edir. Düşünürəm ki, düşmən qısa zaman ərzində doğru və düzgün nəticə çıxartmayacaqsa, biz danışıqlar prosesinə son verib Ukraynadakı kimi antiterror əməliyyatını keçirməliyik və heç nədən də çəkinmək lazım deyil. Atəşkəsdir deyə, biz illəri bundan sonra da itirə bilmərik. Qətiyyətli və sərt addımlar atmaqla yalnız ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin edə bilərik. Başqa yol qalmayıb və hərəkətə keçmək vaxtıdır! Hətta mən deyərdim xeyli gecikmişik. Unikal imkanlarımız olub, sadəcə, bilərəkdən ya bilməyərəkdən vaxt itkisinə yol vermişik. Bu isə ziyanımıza olan vəziyyət yaradır”.

Deputat Fazil Mustafa Modern.az-a deyib ki, atəşkəs bizim zəif dövrümüzə təsadüf etdi və Azərbaycan başqa çıxış yolu qalmadan bu addımı atmağa məcbur oldu: “Çünki ermənilər Rusiyanın da dəstəyi ilə ölkəmizə ciddi təhdid idilər. Bu durumda atəşkəsin imzalanması Azərbaycana nəfəs almağa imkan verdi. Ancaq atəşkəsin bu qədər uzun müddət saxlanması bizim ziyanımıza oldu. Biz bu reallığı dəyişməyi bacarmalıyıq. Əks halda, məsələdə itkilərimiz çox olacaq. Biz illər keçdikcə Qarabağdan daha da uzaqlaşırıq. Bu, heç arzuolunan deyil. Atəşkəs reallığının dəyişməsi, bizi Qarabağa yaxınlaşdıran addımlar üzərində düşünməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik”.

Deputat Aqil Abbasın fikrincə, atəşkəs bizə Azərbaycanın güclü ordusunu qura bilməyimiz üçün imkan yaratdı: “Bunu etdik, iqtisadiyyatımızı dirçəltdik, müəyyən problemlərimizi həll etdik. Amma müsbət tərəfi olduğu kimi, mənfi yönü də oldu ki, bizdən Qarabağı aldı”.

Deputat Anar İsgəndərli isə bildirib ki, bu günün gözü ilə baxanda “niyə atəşkəs imzaladıq” deyib, düşünə bilərik: “Amma 1994-cü ildəki ictimai, siyasi, hərbi vəziyyətə qiymət verə bilsək, həqiqəti görərik. O dövrdə siyasi vəziyyət o qədər gərgin idi ki, atəşkəsin imzalanmasına hava, su qədər ehtiyac var idi. Bu gün hər birimiz deyirik ki, güclü Azərbaycanımız, dünyanın nüfuzlu təşkilatlarında söz sahibi olan dövlətimiz var. Sual verirəm, 1993-94-cü illərdə bu Azərbaycan var idimi? Hansı beynəlxalq təşkilat qəbul edirdi. Həm ölkə daxilində, həm də ölkə xaricində ölkəmizin haqq səsini müdafiə edən heç kim yox idi. Belə məqamda atəşkəsin imzalanması Azərbaycanın sonrakı tarixi üçün vacib idi. Atəşkəsin nəticəsində bu gün güclü dövlətimiz var, haqqımızı tələb etmək üçün həm dünya dövlətləri, həm də dünya qarşısında sözümüzü deyə bilirik. Ona görə 26 il bundan öncə imzalanmış atəşkəsi Azərbaycanın ozamankı rəhbərliyinin ən uğurlu addımı kimi qəbul edirəm”.

Politoloq Qafar Çaxmaqlı isə bu mövzuda danışarkən “Yeni Müsavat”a dedi ki, məsələyə həmin dövrün prizmasından baxmaq doğru olardı: “Mən hesab etmirəm ki, atəşkəs olmasaydı, ermənilər daha böyük əraziləri zəbt edəcəkdilər. Ermənilərin bir generalı var ”Komandos" ləqəbli, bu şəxs həmişə deyir ki, biz Kürə qədər gələ bilərdik, amma sonrası bizim üçün pis olardı. Ermənilər risk etməzdilər düzən ərazilərə ensinlər". Ekspertin sözlərinə görə, o zaman ermənilər Dağlıq Qarabağın ətrafında müdafiə çənbəri qurmağı əvvəlcədən planlaşdırırdılar ki, Azərbaycanın əks hücumları təqdirində müdafiə olunsunlar: "Atəşkəs əslində bizdən çox ermənilərə lazım idi. Adətən atəşkəs sazişi toparlanmaq, özünə gəlmək üçün imzalanır. Bişkek protokolu imkan verdi ki, Azərbaycan hərbi olaraq səfərbər olunsun və ermənilərin işğal etdiyi əraziləri geri almaq üçün yenidən müharibəyə girsin. Elə həmin zaman dövrəyə böyük güclər girdilər və danışıqlar yolu ilə bu ərazilərin geri qaytarılması ilə bağlı vədlər verdilər. ATƏT-in Minsk Qrupu bu illər ərzində maraqlı oldu ki, Azərbaycan torpaqlarını geri qaytarmaq üçün addımlar atmasın və müəyyən dərəcədə buna nail də olublar. Bu mənada atəşkəs bizim zərərimizə işlədi və işləməyə də davam edir. Məncə, bu 26 il itirilən dövrdür və daha bundan o tərəfə olmamalıdır".

Bu arada Ermənistanın Xarici İşlər Nazirliyi növbəti dəfə Azərbaycan XİN-in açıqlamasına cavab verməyə cəhd göstərib. Qonşu ölkənin ərazilərini 30 ilə yaxındır işğalda saxlayan ölkənin xarici siyasət idarəsi “konstruktivlik” libasına bürünərək az qala Azərbaycanı “borclu” çıxartmağa cəhd göstərir. Bundan əvvəl də Ermənistan XİN-in başçısı “Ağdam bizim üçün təhlükəsizlik zolağıdır” sərsəmləməsini ortaya atmaqla faktiki olaraq Azərbaycana atəşkəs sazişindən imtina edib torpaqlarını hərb yolu ilə azad etmək variantını təklif etmiş oldu...
“Yeni Müsavat”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...