4 dairənin deputatı nə zaman müəyyənləşəcək? - Açıqlama

 4 dairənin deputatı nə zaman müəyyənləşəcək? -
Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərindən sonra ləğv edilən 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 33 və 35 saylı Xətai seçki dairələrində təkrar seçkilərin nə zaman olacağı hər zaman müzakirə mövzusudur. Koronavirusla əlaqədar ölkədə gərgin proseslərin getdiyi bir vaxtda boş qalan dairələrin deputatlarının müəyyənləşdiyi zaman ciddi suallar doğurur.

Eyni zamanda bu dairələrin qanunla nə zamana qədər boş qalacağı barədə də fərqli mövqelərə rast gəlirik. Mərkəzi Seçki Komissiyasının seçki dairəsi ləğv etmək səlahiyyətinin qalıb-qalmadığı yönündə də müzakirələr gedir.

MSK katibi Mikayıl Rəhimov seçkilərin nə zaman olacağı barədə vaxt deməyə çətinlik çəkdi: “Mərkəzi Seçki Komissiyasının parlament seçkiləri ilə bağlı məsələlərə baxmaq hüquqi yoxdur. Çünki artıq Konstitusiya Məhkəməsi qərar qəbul edib və bu məhkəmənin qərarı müzakirə edilə bilməz. Eyni zamanda heç bir orqan tərəfindən də bu qərarın dəyişdirilməsi mümkün deyil. Boş qalan dairələrə gəlincə, deyə bilərəm ki, koronavirusla bağlı məsələlərə aydınlıq gələndən sonra yəqin seçkilər keçiriləcək və həmin dörd dairənin millət vəkilləri seçiləcək.

Amma indidən zaman demək bir az çətindir. Çünki hazırda dünyada, ölkəmizdə virusla bağlı hansı proseslərin getdiyi açıq görünür. Yaxın zamanlarda ümid edək ki, bütün bunlara aydınlıq gələcək və ondan sonra seçkilər keçiriləcək. Onu da deyim ki, bu, Mərkəzi Seçki Komissiyasının həll edə biləcəyi bir məsələ deyil. Ölkədəki seçkiləri ölkə prezidenti təyin edir. Nə zaman seçkilər təyin olunacaqsa, o zaman da seçkiləri keçirəcəyik”.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd olan, hüquq müdafiəçisi Çingiz Qənizadə istənilən halda seçkilərin baş tutacağını söylədi: “Artıq seçki kampaniyası tam bitib. Konstitusiya Məhkəməsi də qərarını elan edib. Yeni dairələrin ləğv edilməsi məsələsi mümkün deyil. Nəticələri ləğv edilən dörd dairədə seçkilərin keçirilməsi gözlənilir. Çünki seçki tarixini izləsəniz, görərsiniz ki, ilk mərhələdə nəticələri ləğv edilmiş dairələrdə təkrar seçkilər həmişə keçirilib. Bu, qanunun tələbidir. Hər dairədə 40-41 min seçici varsa və bu da təxminən 100 minə yaxın insan edirsə, ölkədə 400 mindən çox insanı deputatsız qoymaq başa düşülən olmaz. Amma onu da bildirim ki, seçkilərdən sonrakı dövrlərdə müəyyən vəzifələrə getmiş, hansısa səbəblərdən mandatdan məhrum olmuş, dünyasını dəyişmiş insanların dairələri olduqda, o yerlərdə seçkilərin keçirildiyinin o qədər də şahidi olmamışıq, yəni 5 ilin 2-3 ilində dairələr boşalırsa, orada seçkilər adətən keçirilməyib. Təcrübəyə istinadən deyim ki, hətta seçkilərə 6 ay qalmış belə seçkilər keçirilib, bunun haradasa 3-4 dairə olduğunu xatırlayıram. Bütün bunlardan çıxış edərək, demək mümkündür ki, həmin dörd dairədə seçkilər keçiriləcək. Amma konkret göstəriş olmur ki, hansı müddətdə mütləq seçkilər baş tutmalıdır. Lakin azından seçkilərin keçirilməsinə bağlı 60 gün qalmış cənab Prezident müvafiq sərəncam verəcək. Yəni seçkilərin keçirilməsi ilə bağlı Seçki Məcəlləsinin tələblərində göstərilən bu qaydalar əlavə dairələrdə keçiriləcək seçkilərə də şamil edilməlidir.

Azından iki ay öncə belə bir sərəncam verilib, seçkinin vaxtı göstərilməlidir. Hesab edirəm ki, koronavirusla bağlı ölkədəki bu karantin rejimi tətbiq edilməsəydi, mayın sonlarında, yaxud iyunun əvvəllərində seçkilər keçirilə bilərdi. İndiki dönəmdə dövlət başçımızın, hökumətimizin başı daha ciddi işə, koronavirusla bağlı mübarizəyə qarışdığına görə, eyni zamanda buna bütün dövlət qurumlarının cəlb olunduğunu nəzərə alaraq, hesab edirəm ki, yaxın bir neçə ayda seçkilərlə bağlı sərəncam olmaya bilər. Amma payızda seçkilərin keçirilməsi nəzərdə tutulacaqsa, onda iyun-iyul aylarında belə bir sərəncamın verilməsini gözləyə bilərik. Ümid edirəm ki, bu seçkilər keçiriləcək. Həmin seçkilərdə iştirak edib-etməyəcəyimlə bağlı məsələyə gəldikdə isə deyim ki, bu dairələrdən birində namizəd idim, qələbəm elan olunmuşdu. Lakin sonradan məlum oldu ki, seçki komissiyalarında sənədlərin tərtibatı zamanı müəyyən qüsurlara yol verilib. Bu səbəbdən məntəqələrin nəticələri hamı üçün ləğv edildi. Bu baxımdan seçkilərdə iştirakıma qadağa ola biləcək qanunda heç bir məhdudiyyət yoxdur. O baxımdan da bu seçkilərdə iştirak etmək niyyətindəyəm. Amma dairələrdən hansının olacağını yaxın vaxtlarda deyə bilmərəm. Bilirsiniz ki, seçki vaxtı elan olunandan sonra həmin dairələrə namizədlərin irəli sürülməsi prosesi baş verəcək. Mən də bunu götür-qoy edəcəyəm, ölçüb-biçəcəyəm. Hüquq müdafiəçisi olaraq, cəmiyyətdə kifayət qədər tanındığım üçün hansı dairədən namizəd olub-olmamağım mənə problem yarada biləcək hal deyil. Əgər cənab Prezident seçkilərin keçirilməsi barədə qərar verəcəksə, o dairələrdən birindən namizədliyimi müzakirə edib, qərar qəbul edəcəyəm. Amma seçkilərdə iştirak etməkdə israrlıyam. Hesab edirəm ki, hüquqi, siyasi savadım, təcrübəm parlamentdə təmsil olunmağa kifayət qədər önəm verən məqamlardan biridir”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev: “9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub. Belə bir vəziyyətdə MSK hər hansı bir seçki dairəsinin nəticələrini ləğv edə bilməz, bu hüquqi baxımdan mümkün deyil. Boş qalmış 4 dairədə seçkilərin nə vaxt keçirilməsi məsələsinə gəlincə isə nə qədər ki, ölkədə karantin dövrü davam edir, bu barədə danışmağa dəyməz. Çünki seçki kampaniyası kütləvi tədbirlərlə müşayiət olunur ki, bu da karantin qaydalarının pozulmasıdır. Əgər ölkədə karantin dövrü 31 mayda başa çatsa və ölkədə yoluxma halları sakitləşsə, ilin sonlarında boş qalan dairələr üzrə təkrar seçkilər keçirilə bilər. Amma pandemiyanın Azərbaycana bütün təsirlərini nəzərə alaraq boş qalan dairələrə təkrar seçkilərin ilin sonuna kimi keçiriləcəyi o qədər də real görünmür”.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...