“Bəzi yerlərdə araşdırmalar gedir, siqnallar daxil olur” - Siyavuş Novruzov

“Bəzi yerlərdə araşdırmalar gedir, siqnallar daxil olur” -

Gundeminfo.az Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsini təqdim edir:

- Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatları, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Bu islahatlar ümumən cəmiyyətdə yüksək qiymətləndirilir. Hələ Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə və ondan sonrakı dövrlərdə həmişə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıb. Prezident İlham Əliyev də Prezident seçildiyi dövrdən korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparır. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Baş Prokurorluqda bu sahədə fəaliyyət göstərən qurumun Baş İdarə statusuna yüksəldilməsi, hətta Baş İdarəyə istintaq işlərinin aparılmasının həvalə olunması, cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi qeyd edilməlidir. Dövlət başçısı hər zaman qeyd edir ki, ictimai nəzarətin özü də vacib şərtlərdən biridir, insanlar harada belə halların olduğunu görərsə, dərhal məlumat versin, aidiyyəti strukturlar da bununla məşğul olsunlar. Nəticə də göz önündədir. Müəyyən faktlar araşdırılıb, müəyyən insanlar məsuliyyətə cəlb olunub. Bəzi yerlərdə isə araşdırmalar gedir, siqnallar daxil olur. Prezident İcra Hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin edəndə, o cümlədən müşavirə və iclaslarda bu məsələyə xüsusi toxunur. Dövlət başçısı vurğulayır ki, vəzifəyə təyin edilən insanlar xalqa xidmət etməli, insanların problemlərinin həlli ilə məşğul olmalı, onlara problem yaratmamalıdırlar. O cümlədən yerlərə investisiyaların cəlb olunması istiqamətində fəaliyyət göstərməlidirlər.

- Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirdi ki, bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edilir.

- Prezident Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi tövsiyələr sırasında bu məsələyə toxundu. Dövlət başçısı hər zaman bu məsələlərlə bağlı ictimaiyyətə məlumat verir, hər bir məsələyə də öz münasibətini bildirir. Prezident belə halların olması barədə müvafiq siqnalların olduğunu və araşdırmaların getdiyini qeyd etdi. Dövlət başçısı tapşırdı ki, belə bir hal baş verirsə, kimliyindən, kimin himayəsində olmasından asılı olmayaraq, bununla barışmaq olmaz. Bu, dövlət qulluğunda çalışan, işləyən hər bir insan üçün bir mesajdır. Mesajı neçə dəfə göndərmək olar? Kim belə əməllərlə məşğul olursa, qurtarsın, belə əməllərə son qoysun! Əgər bu əməllərə son qoymayacaqlarsa, nəinki vəzifədən azad olunacaq, məsuliyyətə cəlb ediləcəklər.

- Məsuliyyətə cəlb edilməsi gözlənilənlər sırasında nazirlər, komitə sədrləri də varmı?

- Prezident mərkəzi icra hakimiyyəti orqanları barədə danışdı. Yəqin ki, dövlət başçısına həm ictimaiyyət, həm də aidiyyəti qurumlar tərəfindən bu barədə məlumatlar çatdırılır. Təbii ki, nazirlər, komitə sədrləri ilə bağlı məsələlər də araşdırılır. Araşdırmadan sonra kimliyindən asılı olmayaraq, müvafiq addımlar atılacaq. İndiyə qədər də görürsünüz ki, kimliyindən asılı olmayaraq həmin insanlar cəzalandırılır.

- Dövlət başçısı onu da bildirdi ki, hər bir icra başçısı vəzifəyə təyin olunanda onlara əsas tapşırıq vətəndaşlara xidmət, onlarla bir yerdə olmaq, təmiz işləmək, rüşvət almamaq, əhalini incitməmək, onlara kömək göstərmək, eyni zamanda, sahibkarlara dəstək vermək və s. olur. Lakin artıq neçənci rayon İcra Hakimiyyətinin başçısıdır ki, bunun əksini etdiyinə görə həbs edilir. Sizcə, bu insanlar əməllərinə niyə son qoymur, xəbərdarlıqdan niyə nəticə çıxarmırlar?

- Müəyyən insanlar var ki, çoxdan vəzifədə işləyirlər. Prezident xaricdə təhsil almış, qabiliyyətli insanları da yeni vəzifələrə təyin edib. Dövlət başçısı o insanları vəzifələrə təyin edəndə də onları qəbul edib, tapşırıq və tövsiyələrini çatdırır. İctimai işlər də onun üçün yaradılır ki, insanlar minimum əməkhaqqı həddində əməkhaqqı alsınlar. O cümlədən sahibkarlara dəstək verilməsini zəruri olduğunu vurğulayır. Prezident müşavirələrin birində qeyd etdi ki, icra başçılarının fəaliyyəti həm də onların rayona nə qədər xarici, daxili investisiya cəlb etməsi ilə qiymətləndirilməlidir. İnvestisiya üçün şərait yaradılması baxımından Azərbaycan dünyada irəlidə olan ölkələrdən biridir. Dövlət başçısı ölkəyə investisiya qoyulması üçün tam şərait yaradıb. Ancaq bir sıra hallarda bəziləri bu investisiyaların gəlməsinin qarşısında baryer yaradır. Nəticə etibarilə yerlərdə yeni iş yerlərinin açılmasına problemlər yaranır. Ona görə də dövlət başçısı vəzifəyə yeni təyin etdiyi insanlara bu məsələləri bilavasitə çatdırır. Başa düşən işləməyə davam edir, başa düşməyənlərlə bağlı isə lazımi addımlar atılır, ölçü götürülür.

- Yeri gəlmişkən, bu günlərdə Milli Məclis öz orqanı olan Hesablama Palatasının hesabatını qəbul etdi. Hesabatda diqqət çəkən məqamlardan biri də beş qurumda korrupsiya faktlarının aşkarlandığı və materialların prokurorluğa göndərildiyi barədə qeyd idi. Milli Məclisə təqdim edilən və qəbul olunan belə sənədlərdə əksini tapan faktlarla əlaqədar parlamentin işi nədən ibarət olmalıdır?

- Hesablama Palatasının əsas funksiyası ondan ibarətdir ki, əgər dövlət vəsaiti mənimsənilibsə, düzgün istifadə olunmayıbsa, o vəsaitlər geri qaytarılsın. Parlamentdə müzakirələr zamanı da müəyyən şəxslər bildirdi ki, o insanlar barədə həbs qətimkan tədbiri seçilsin. Amma ən vacibi dövlət vəsaitinin geri qaytarılmasıdır. İndi Prezident İlham Əliyevin tapşırığı ilə cəzaların yüngülləşdirilməsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir, müvafiq qanunlar qəbul olunur. Maksimum çalışırıq ki, cəzalar yüngülləşsin. Yəni insanın islah olunması tək həbsdən keçməsin, digər yollarla da insanın islahı mümkündürsə, bu, tətbiq olunsun. Bu, həm də humanizmin bir nümunəsidir. Hesablama Palatasının hesabatında da mərkəzi icra hakimiyyəti orqanlarının ayrı-ayrı strukturlarından söhbət gedir, bütövlükdə nazirliklərin özündən söhbət getmir.

- Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirdi ki, heç kim siyasi baxışlarına görə təqib olunmamalıdır. Bu bəyanatı necə dəyərləndirirsiniz?

- İndiyə qədər də Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmayıb. Bu və ya digər şəxs törətdiyi ictimai təhlükəli əmələ görə məsuliyyətə cəlb olunub. Bəzi siyasi təşkilatlar, partiyalar bundan sui-istifadə etməyə çalışır. Kimliyindən, peşəsindən, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir. Kim qanunu pozursa, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycanda 50-dən artıq partiya, 3 mindən artıq QHT fəaliyyət göstərir. Çoxlu sayda mətbuat orqanları, açıq internet var. Hətta bəzən hədlər də aşılır. Yeri gəlmişkən, dünən Türkiyədə partiyalardan biri parlamentin müzakirəsinə layihə təqdim etdi ki, internetdən istifadə zamanı şəxsiyyət vəsiqəsindən istifadə olunsun. Biri oturur xaricdə, heç bilinmir kimdir, anti-Azərbaycan, anti-dövlət işləri aparır, xalqın əleyhinə fəaliyyət göstərir.

Azərbaycanda siyasi baxışlara isə hər kəsə hörmətlə yanaşılır. Bu yaxınlarda iki siyasi partiya da qeydiyyatdan keçdi. Kim kimin yaxınıdır, hansı partiyanın üzvüdür, bunun məsələyə aidiyyəti yoxdur. Qanunu pozubsa, məsuliyyətə cəlb olunmalıdır.

- Dünən Milli Məclisdə struktur islahatlarının yekunlaşdığı da bəyan edildi. Sizin də yeni şöbələr yaradılması barədə təklifləriniz vardı. İslahatları necə qiymətləndirirsiniz?

- Azərbaycanda hər zaman islahatlar aparılıb, son islahatlar isə 2018-ci il prezident seçkilərindən sonra başlayıb. Prezident həm Prezident Administrasiyasında, həm Nazirlər Kabinetində, həm də ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarında islahatlar aparıb. Məhkəmə-hüquq sistemində islahatlarla bağlı da qanunvericilik təqdim edilib, ayrı-ayrı qanunlar qəbul olunub. O cümlədən Milli Məclisə yeni seçkilər keçirildi. Parlamentin fəaliyyətində, o cümlədən Aparatında islahatların aparılmasının zəruriliyinə də dövlət başçısı parlamentdə çıxışında toxundu. Bu gün bu islahatlar aparılır. Milli Məclis Aparatında uyğun şöbələrin birləşdirilməsi, yenilərin yaradılması prosesi gedir. Milli Məclis rəhbərliyi Prezidentin tövsiyələrinə uyğun olaraq bu addımları atır. Biz də təkliflər vermişik, proses gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...