Səbaildə Türkiyə bayraqlarını kim yığışdırır? – İcra başçısı rus dilini dövlət dili “elan edib”

Səbaildə Türkiyə bayraqlarını kim yığışdırır? –
Bakı şəhəri Səbail rayonu ərazisində Türkiyə bayraqlarının yığışdırılmasına dair xəbər yayılıb.

Məlumata əsasən, Türkiyə bayraqlarına qarşı “xaç yürüşü” Səbail rayonu icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun göstərişi ilə başlayıb.

Bununla belə, bu addımın doğuracağı ictimai qəzəbi gözə alan icra başçısı rayon ərazisində Türkiyə bayraqlarının yığışdırılmasını “yuxarının tapşırığı” ilə “əsaslandırmağa” çalışır. Lakin Vüqar Zeynalovun“yuxarı” dedikdə, hansı instansiyanı nəzərdə tutduğu çox maraqlıdır.

Prezident İlham Əliyev öz çıxışlarında Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi böyük dəstəyi dəfələrlə qeyd edib, buna görə qardaş ölkəyə minnətdarlığını bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da qürurla dalğalanmaqdadır.

Əgər ölkə prezidenti Türkiyəyə dərin ehtiramını hər imkanda dilə gətirirsə, bu o deməkdir ki, Vüqar Zeynalovun əmrində olduğu “yuxarı” ya hakimiyyət daxilindəki başqa güclərdir, ya da ki Kremldir.Əslində, burada Kremli təsadüfən xatırlatmırıq. Çünki Səbail Rayon İcra Hakimiyyətində dövlət dili qismində, əsasən, rus dili işlədilir.

2018-ci il oktyabrın 30-da Səbail rayon icra hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov özünü “işgüzar kadr” kimi göstərmək üçün sağa-sola çoxsaylı vədlər verib. Ancaq bir müddətdən sonra məlum olub ki, onun verdiyi söz elə söz olaraq da qalmaqdadır.

Yeri gəlmişkən, iicra başçısının yalan vədlərinin əsas hədəflərindən biri də jurnalistlər olub. İcra başçısı təyin ediləndən sonra Səbail rayonu ərazisində yerləşən jurnalistlərin binasına gələn Vüqar Zeynalov daim onlarla maraqlanacağını, problemlərini həll etməyə çalışacağını deyib. Amma verdiyi bu sözdən sonra onu bir də həmin ərazidə görən olmayıb.

Vüqar Zeynalov həm də tabeliyindəki məmur xanımlarla yürütdüyü intriqalarla da tanınır. Bu sırada icra başçısının öz birinci müavini Xalidə Bayramova rəqabəti barəsində çox danışılır. 3 il əvvəl 14 yaşlı Elina Hacıyevanın intiharında adı hallanan Xalidə Bayramovanın bu günlərdə bacısı üçün saxta vaksin sənədi almaq üçün həkimlərə təzyiq etdiyi iddia olunur.

İcra başçısının 1-ci müavini barəsində bu tip məlumatların mediaya sızdırılmasında məhz Vüqar Zeynalovun əlinin olduğu deyilir. Bildirilir ki, xanım rəqibini indiki həssas dönəmdə “vaksin sabotajı” ittihamı ilə “vuran” icra başçısı bu yolla onu neytrallaşdırmağı düşünüb. Əlbəttə, bu yazılanlar vəzifəli şəxslər arasında gedən elementar rəqabətin epizodlarıdır və özlüyündə əhəmiyyətli deyil.

İndiki halda əsas məsələ Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun rəhbərlik etdiyi konkret inzibati ərazidə Türkiyə bayraqlarının yığışdırılması əmrini verməsidir və inanırıq ki, onun bu “özfəaliyyət”i cavabsız qalmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...