Mingəçevirdə ölkə başçısının qərarlarına kim əks gedir? – ÇİMƏRLİKLƏR DAŞ HASARLARI İLƏ BAĞLANDI

Mingəçevirdə ölkə başçısının qərarlarına kim əks gedir? –

Mingecevir.org xəbər verir ki, Mingəçevirdə bəzi çimərliklərin hər tərəfi hasarlanıb və giriş üçün ödəniş tələb olunur. Bu isə tam qanunsuzdur. Obyektlərə nəzarət edən şəxslərin bəziləri girişin ödənişli olduğunu etiraf etsələr də, bəziləri isə bu iddiaları yalanlayırlar. Bəzi çimərlik sahibləri isə göstərdikləri xidmətin pulunu aldıqlarını deyirlər. Bir neçə ildir ki, ənənəvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır.

Çimərliklərə girişin pullu olması, ekoloji vəziyyəti, bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların bu hüquqdan istifadəsini məhdudlaşdırır. İş o yerə çatıb ki, hazırda pulsuz çimərliklərin də sayı azalıb. Halbuki bütün çimərliklər pulsuz olmalıdır. Çimərliklərin əksəriyyəti bəzi sahibkarların özəl mülkünə çevrilib. Bu işbazlar vətəndaşların çimərliklərdən istifadə etmək hüququnu məhdudlaşdıraraq, çimərliyə giriş üçün müəyyən məbləğ də təyin ediblər. Təbii ki, istirahət üçün hansısa xidmət qarşılığında pul ödənilir. Amma çimərlikdən istifadə xalq üçün pulsuz olmalıdır ki, buna isə “kiçik padşahlar” mane olur.

Məlumata görə Mingəçevir çimərliklərini bu hala salan şəhər bələdiyyəsidir. Ancaq onlar da bunu Şəhər İcra Hakimiyyətinin göstərişi ilə elədiklərini deyirlər. Hal-hazırda çimərliklərdə giriş hər avtomobilə görə 10-20 manat arası dəyişir. Aldıqları ödənişə görə heç bir sənəd, arayış, qəbz təqdim etməyən “sahibkarlar”, əslində, həm də dövləti, xüsusən də Vergilər nazirliyini aldatmış olurlar. Ümumiyyətlə, gün ərzində külli miqdarda qazanılar vəsaitin kimin “cibinə” getdiyi məlum deyil.
Mingəçevirdə ölkə başçısının qərarlarına kim əks gedir? –

Prezident İlham Əliyev dəfələrlə bu mövzuya toxunaraq, bu kimi qanunsuz addımlar atan məmurların ən sərt şəkildə cəzalandırılacağını demişdir. Görünən odur ki, bəzi icra başçıları, bələdiyyə yetkililəri bu tapşırıqlardan, tənbehlərdən lazımi nəticələr çıxarmayıblar.

Mövzunu diqqətimizdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...