Gömrükdə “vahid pəncərə”: Asan keçidi kimlər dolaşığa salır?

Gömrükdə “vahid pəncərə”:

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin generalları yenidən "Qırmızı Körpü”də görüşüblər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenant Səfər Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyətini yoxlayıb.

Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin effektivliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib. Son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərəçarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilmiş, təklif və müraciətləri dinlənilib.

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rəhbərləri şəxslərin və nəqliyyat vasitələrinin sərhəd və gömrük rəsmiləşdirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar. Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.

Qeyd edək ki, yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Səfər Mehdiyevin çıxışından sonra Prezident İlham Əliyev Gömrük Komitəsi sədrinə iradların bildirib:

“Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”.

İlham Əliyev onu da deyib ki, Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar, həm də komitənin işçiləri arasında:

“Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir".

Məlumat üçün bildirək ki, gömrük-sərhəd postlarında “bir pəncərə” prinsipinin tətbiqi nəzərdə tutulsa da, buna əməl olunmur. Hələ də “iki pəncərə” ləğv edilməyib və sənədləşmədə DGK /DSX paralelliyi aradan qaldırılmayıb. Postdakı DGK zabitləri də bu problemin həlli üçün təşəbbüs göstərmək əvəzinə öz səlahiyyət hədlərini aşır, prezidentin də qeyd etdiyi kimi vətəndaşlara qarşı kobudluğa yol verirlər. Yenə də maşınların texpasportunu və vətəndaşın pasportunu hər iki pəncərədə, həm DGK, həm də DSX əməkdaşları təkrarən sistemə daxil edirlər.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi gündən bu vaxtadək problemlər aradan qaldırılmır:

“Paralellik problemi bir çox dövlət orqanlarında da var. Məsələn, Dövlət Yol Polisinin rəsmiləşdirmə sektorunda olan paralellik bu günə qədər davam edir. Son zamanlar müəyyən dəyişikliklərin olacağı deyilir. Ancaq sözügedən məsələdə problem daha çox Dövlət Gömrük Komitəsi tərəfindən yaranır. Adətən, Dövlət Sərhəd Xidmətində ciddi problemlər müşahidə olunmur. Məlumdur ki, qeyri-iş günlərində, eləcə də bayramlarda gömrük-keçid məntəqələrində həm nəqliyyat vasitələrinin sıxlığı, həm də insan axını müşahidə edilir. Ancaq bu məntəqələrdə xidmət göstərən pəncərələrin sayı artırılmır. Öncədən bilmək olur ki, bayram günlərində ölkəyə giriş-çıxış artır və müəyyən növbələrin yaranması qacılmazdır. Bunun qarşısını almaq üçün pasportlara möhür vuran iki sərhəd əməkdaşı olmamalıdır. Yəni xidmətçilərin sayı artırılmalıdır. Gömrükçülərin əsas siyasəti gömrük bəyannaməsinə düşməyən malların, sənədlərin ölkədən çıxışına və girişinə ciddi nəzarət etməkdən ibarətdir. Malların sərbəst dövriyyəyə buraxılması, onların ixrac edilməsi və ya digər gömrük rejimləri altına yerləşdirilməsi üçün lazım olan gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı bayram günlərində biabırçı vəziyyət yaranır. Nə Türkiyənin, nə Gürcüstanın, nə də digər inkişaf etmiş ölkələrin gömrük-keçid məntəqələrində Azərbaycanda olan problemləri gömrük. Vətəndaş əlində çantasını götürüb gedir və heç kim də ona bir söz demir. Azərbaycanda isə mütləq suallar verilməlidir. Artıq belə bir fikir formalaşıb ki, kimsə çantasında Azərbaycan iqtisadiyyatının formalaşmasına xələl gətirəcək, gömrük bəyannaməsində icazə verilməyən məhsul gətirir. Bu, müasir dövrün tələblərinə cavab vermir. Vəziyyəti müasir texnologiyalarla aradan qaldırmaq olar və beləliklə, süni tıxaclar da yaranmaz”.

İqtisadçı onu da qeyd edib ki, sərhəddəki vəziyyəti ölkənin hava limanına şamil etmək olmaz:

“Azərbaycanın Gürcüstan, Rusiya, İran sərhəd keçid məntəqələrində problemlər daim mövcud olub. Qurum rəhbərinin dəyişməsinə, o cümlədən ölkə rəhbərinin bu istiqamətdə dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, heç bir məhəl qoyulmur. Prosesi öz prinsipləri davam etdirirlər. Hesab edirəm ki, piyadaların keçidi ilə, topdan mal gətirənlər arasında fərq olmalıdır. Təbii ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycanın keçid məntəqələrində həm “Yaşıl dəhliz” var, həm də “Qırmızı dəhliz”. Bəyannaməsi olmayan hər bir vətəndaş müddət gözləmədən “Yaşıl dəhliz”dən keçə bilərlər. “Qırmızı dəhliz”dən isə bəyannaməsi olacaq məhsulları və yaxud malları qeyd etməklə keçməlidirlər. Amma paralellik prinsipinin nə “Yaşıl dəhliz”ə, nə də “Qırmızı dəhliz”ə fərqi yoxdur, elə tıxac yaranır. Görünür, Dövlət Gömrük Komitəsi bu işləri səliqə-sahmana sala bilmir. Ümid edək ki, ölkə başçısının məlum iradından nəticə çıxarılacaq. Amma düşünmürəm ki, bundan ötrü bu qədər general gedib “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində iclas keçirməli idi. Onlar sadəcə göstəriş verməli idi ki, sözdə yox, əməldə gömrük-keçid məntəqələrində prosedur sadələşsin”.

Fuad İbrahimov hesab edir ki, gömrükdə mövcud problemləri aradan qaldırmaq üçün heç bir model axtarmağa gərək yoxdur:

“Ən azından yaxın Gürcüstanın gömrük modelinə nəzər salmaq kifayətdir. Ötən il Gürcüstana orta hesabla 9.2 milyon nəfər turist gəlib. Turist axınından ölkəyə 3.3 milyard dollar həcmində vəsait daxil olub. Sözə inanmaq lazım deyil, ən azından vizual olaraq Gürcüstanda problemin olmadığını görmək olar. Azərbaycan gömrüyündə heç olmasa Gürcüstan modelini tətbiq etsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...