“Hacıbala Abutalıbov layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib”

“Hacıbala Abutalıbov layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında ifadə verən Akif Abdullayev sualları cavablandırıb.

O bildirib ki, D.Əliyeva 141 və 145 saylı binalar barəsində məlumatı olmayıb: “Sərəncam alandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırıqlarını icra etmişəm. Yalnız layihələrə baxmışam, söküntü işləri mənim işim deyildi. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi mən həyata keçirirdim. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan 1 ay sonra bizim İdarəni Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin nəzdinə verdilər. Dedilər ki, həmin müddətdə İcra Hakimiyyətinə müvəqqəti rəhbərlik Rasim Quliyevə tapşırılıb”.

R.Quliyev isə deyib ki, həmin vaxt Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi Akif Abdullayev edirdi. "Mən heç vaxt o İdarəyə rəhbərlik etməmişəm. Akif Abdullayev desin ki, kimə tabe idi".

Şahid R.Quliyevin tikinti ilə bağlı imzaladığı sərəncamın yadında olmadığını söyləyib: “Dilarə Əliyeva 141 ünvanında eskiz layihəsində - mərtəbə hündürlüyü, sıxlıqla bağlı çatışmazlıqlar var idi.

Aşkar olunan çatışmazlıqlarla bağlı aidiyyəti qurumlara məlumat verdik. Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı araşdırma apardı və problem qismən aradan qaldırıldı. Bütün sənədlər Memarlıq şöbəsinə göndərildi, mən də təstiqlədim. Layihəni təsdiqləyib Bakı Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etdim. Məndən soruşsaydılar ki, layihədəki problem nədir? Problemi deyərdim. Hansısa irad bildirə bilmirdim”.

A.Abdullayev qeyd edib ki, layihə Fövqəladə Hallar Nazirliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu təsdiqlənmişdi: “2002-ci ildən Bakı şəhərinin baş memarıyam. İbtidai istintaqda Rasim Quliyevlə üzləşdirilməmişəm. 2015-ci ildə "FF 2011" tikinti şirkətinə tikinti nişanının verilməsini bilirdim. Layihə İnstitutunun cavabı rəy deyil, əsaslandırmadı. Onlar əsaslandırıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı layihəni təsdiq edib. Hacıbala Abutalıbov Nazirlər Kabinetinin qərarına əsasən, layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib".

Məhkəmə oktyabrın 4-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...