İstismar müddəti bitmiş binaların söküntüsü niyə yubanır?

İstismar müddəti bitmiş binaların söküntüsü niyə yubanır?

Tikinti mütəxəssisi: “Xruşşovka”lar hər an uça bilər..."

Hazırda Bakının bir neçə rayonunda binalar tikilir. Devalvasiyadan sonra tikintidə yaşanan durğunluq nisbətən aradan qalxıb. Köhnə və qəzalı vəziyyətdə olan binalardan bəziləri sökülür, yerində hündürmərtəbəli bina ucaldılır. Bəs nə üçün sıra “xruşşovka”lara gəlmir?

Yada salaq ki, 2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir. Lakin əsasən 2-3 mərtəbəli binalar sökülərək, yerində çoxmərtəbəli tikililər ucaldılır. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsində artıq 3 ildir ki, 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır.

Lakin “xruşşovka”ların söküntüsü ləngiyir. Hələ də sökülməsi nəzərdə tutulan 1-ci mikrorayon ərazisində olan 5 mərtəbəli binalar, Nizami rayonu ərazisindəki “xruşşovka”lar sökülməmiş qalıb. Zirzəmisi su ilə dolu olan “xruşşovka”lar ekspertlərə görə, həm təhlükə, həm də xəstəlik mənbəyidir. Lakin ekspertlər onu da qeyd edirlər ki, onların hamısının qəzalı vəziyyətdə olduğunu söyləmək olmaz.

Ekspert Əzim Məsimov “Yeni Müsavat”a mövzu ilə əlaqədar söyləyib ki, “xruşşovka”ların bir qisminin bünövrəsi olmayıb: “Hazırda həmin binalar demək olar ki, sökülüb, qalmayıb. 1970-80-ci illərdə həmin binalar dağılmağa başladı. Əksəriyyətini söküb, yerində başqa binalar tikdilər. İndi də qeyd etdiyimiz binalardan qalanları mütləq sökülməlidir. Çünki hər an uça bilər. İkinci kateqoriyalı beşmərtəbələr isə 1, 2, 3-cü mikrorayonlarda tikilən fransız binalardır. Bu binalar möhkəm evlərdir və uzun müddət qala bilər. Hazırda həmin binalarda elə böyük deformasiya yoxdur. Lakin istismarından asılı olaraq burada da fərqli məqamlar var. Məsələn, zirzəmisinə su dolan binaların vəziyyəti digərləri ilə müqayisədə yaxşı deyil. Ümumi götürəndə isə həmin binaların zəlzələyə və istismara dözümü möhkəm idi. Hökumət bu binaları söküb, çoxmərtəbəli binalar tikmək istəyirdi ki, şəhərin görünüşü dəyişsin, həm də daha çox yer əldə edilsin”.

Bəs nə üçün layihə kağız üzərində qaldı? “Yeni Müsavat”a danışan iqtisadçı-alim Fikrət Yusifov bildirib ki, bunun müxtəlif səbəbləri var: “Manatın devalvasiyasına qədər bu məsələ çox aktual idi. Lakin sonradan yəqin ki, vəsait çatışmazlığı baxımından məsələ bir qədər öz aktuallığını itirdi. ”Xruşşovka"ların sökülməsi və onların yerində binaların tikilməsi üçün iş adamlarına hazırda icazə verilir. Sadəcə olaraq məndə olan məlumata görə, qaydalarda dəyişiklik var. Belə ki, əvvəllər hər bir sökülən binanın yerində 16 mərtəbəli tikmək mümkün idisə, hazırkı qaydalara, yeni ölçülərə görə bunun üçün 3 “xruşşovka”nın yeri lazımdır. Yəni əvvəl binalar bir-birinə yaxın, sıx şəkildə tikilirdi. Hazırda isə qaydalar binaların ətrafında boş ərazinin olmasını tələb edir. Dövlətin bura vəsait qoyması, düşünürəm ki, bugünkü gün üçün real deyil. Çünki hazırda dövlətin başqa maliyyə yükləri kifayət qədər böyükdür. Sosial məsələlərin həlli ilə bağlı ölkə prezidentinin imzaladığı son sərəncamlar 3 milyondan çox insanı əhatə edəcək. Təbii ki, bu, milyardlarla vəsaitin tələb olunması deməkdir. Belə bir şəraitdə neftin qiymətinin də ucuzlaşması bir daha onu deyir ki, haqqında danışdığımız məsələyə dövlətin vəsait ayırması çətin olar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...