SMS icazə, sərt karantin tətbiq edilə bilər

SMS icazə, sərt karantin tətbiq edilə bilər
Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edənlərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Qeyd edək ki, noyabrın 29-na olan məlumata görə, Azərbaycanda indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73 676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1 361 nəfərdir.

Azərbaycanla qonşu olan Türkiyədə 607 628 nəfər koronavirusa yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 761 457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874 nəfər pandemiyanın qurbanı olub. Qonşu Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-i isə vəfat edib.

Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyyələri qulaqardına vururlar.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bundan sonrakı dövrdə də belə kütləvilik hallarının olacağını indidən demək üçün əsaslar var. Vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.

Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir;

Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidir ki, bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.

Bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olmuşdur. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psxoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Bəs vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir. Hamı bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlələ nəticələnəcək.

Bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır.

Həkim-ekspert Adil Qeybulla bildirib ki, yoluxma sayının çoxalması təkcə havaların soyuması ilə bağlı deyil:

"Əvvəla, havaların soyuması ilə digər respirator infeksiyaların da artması koronavirusla bağlı xeyli çətinliklərin ortaya çıxmasına gətirib çıxara bilər. Əsas məsələ odur ki, insanlar açıq şəkildə qaydaları inkar edirlər. Qapalı mühitdə maska geymirlər. Söhbət insanlardan gedir, vətəndaş məsuliyyətinin olmamasından gedir. Çünki fikir versəniz, bu virus hər ölkədə bir cür tuğyan elədi. Azərbaycanda virusun artmasının bir səbəbi də Qarabağ müharibəsi ilə bağlı diqqətin pandemiyadan yayınması ilə bağlıdır, digər tərəfdən insanlar sanki rahatlaşıb. Bu məsələ vətəndaş məsuliyyətinə sıx bağlıdır”.

A.Qeybulla çıxış yolu kimi qapalı mühitdə karantin davranışlarının sərtləşdirilməsini təklif edib:

"Avtobusa girirsən, birinin ağzında maska var, digərində yoxdur. Sürücü maska taxıb, burnu açıq. Hər yerdə bu şəkildə davam edir. Bütün qapalı mühitdə fəaliyyət göstərənlərə ciddi nəzarət etmək lazımdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...