Tibbi sığorta: Belə həkimləri nə gözləyir?

Tibbi sığorta:
Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta tətbiq edilir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə çox sayda müxtəlif tibbi xidmət daxil olsa da, vətəndaşların bu mövzuda müzakirələri, tənqidləri bitmir.

Sosial şəbəkə istifadəçiləri tibb müəssisələrində icbari tibbi sığortanın düzgün tətbiq edilmədiyini yazırlar. Bu xidmətin düzgün tətbiq edilməməsi həm xəstələrə, həm həkimlərə çətinlik yaradır.

İstifadəçilər iddia edirlər ki, həkim diaqnoz qoymaq üçün xəstəni bir neçə ehtimal üzrə ultrasəs müayinəsinə (USM) göndərir. Həmin ehtimalların heç biri doğrulmadığı halda USM-nin pulu həkimin əmək haqqından tutulur. İcbari tibbi sığorta yalnız diaqnoz təsdiq olunduğu halda ultrasəs müayinəsinin ödənişini həyata keçirir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, ultrasəs müayinə müəyyən edilmiş nahiyə üzrə təyin edilir:

"Pasiyentlər şikayətlə bağlı tibb müəssisəsinə müraciət edərkən ixtisaslı həkim tərəfindən əsaslı və diaqnoza uyğun olaraq müayinə təyin olunmalıdır. Belə ki, ultrasəs müayinə (USM) müəyyən edilmiş nahiyə üzrə təyin edilməlidir. Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanunun IV-V fəslinin (İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi) 15-26-cı maddəsinə əsasən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət həyata keçirilir. Bu nəzarət isə tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə icra olunur. Həmin fəslin 15-26.4.-cü bəndinə əsasən tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır".

Məlumatda bildirilib ki, ekspertiza zamanı ixtisaslı həkim xəstəyə düzgün diaqnoz qoyduqda həkimə həvəsləndirici əlavə hesablanır:

"Bu əlavələr müayinənin nəticəsindən asılı olmayaraq tibbi xidmətə görə ixtisaslı həkimə ödənilir. Diaqnostika metodları ilə bağlı pozuntulara yol verildikdə müayinəni təyin edən tibb işçisi məsuliyyət daşıyır və onlara həvəsləndirici əlavələr hesablanmır. Bu zaman ixtisaslı həkimin əməkhaqqından hər hansı tutulma icra olunmur".

Agentlikdən verilən məlumatda konkret nümunə ilə məsələyə aydınlıq gətirilib:

"Pasiyentə xəstəliyi ilə bağlı ixtisaslı həkim tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış 2.1.206 nömrəli “Tam Abdomen (tam qarın boşluğu) ultrasəs müayinəsi (USM)” təyin edilir. Bu müayinə ilə birlikdə 2.1.205 nömrəli “Üst Abdomen USM” və ya 2.1.197 nömrəli “Ginekoloji USM (transabdominal)” təqdim edildikdə ixtisaslı həkimə yalnız “Tam Abdomen USM” tibbi xidmətinə görə həvəsləndirici əlavə hesablanır.

Digər xidmətlərə görə əlavələr tətbiq edilmir. Çünki tam qarın boşluğu ultrasəs müayinəsi zamanı qarın boşluğunun bütün orqanları, habelə ginekoloji orqanlar yoxlanılır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...