Ata Abdullayev məhkəmədə ağladı

 Ata Abdullayev məhkəmədə ağladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. Onu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

A.Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş qismində Elmar Əliyev dindirilib. O bildirib ki, A.Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici faktlar paylaşıb:

“Biznes şərikim Tural Heydərli ilə problemim yaranmışdı. Tural Ata Abdullayevə yığıb mənim haqqımda ittihamlar səsləndirib. Bundan sonra Ata Abdullayevlə aramda üç dəfə telefon danışığı olub. O, məni dövlətin malını mənimsəmədə, Bakı Şəhər Halqasında işlədiyim müddətdə mebel və soyuducuları satmaqda ittiham etdi”.

Zərərçəkmişin sözlərinə görə, A.Abdullayev ondan 10 min manat, daha sonra “iPhone 11 Pro Max” istəyib:

“Daha sonra 10 min manatı telefonla əvəzlədik. Dostuma 2 400 manat pulu verdim ki, həmin telefonu alsın. Dostum da telefonu aldı”.

A.Abdullayev isə zərəçəkmişin dedikləri ilə razı olmadığını söyləyib.

Vəkilin suallarına cavab verən zərərçəkmiş deyib ki, A.Abdullayev onu biznes şərikini döyməkdə də ittiham edib.

“Teleqraf”ın məlumatına görə, ittihamlara cavab verən Ata Abdullayev günahsız olduğunu deyib: “Mən buradan çıxmaq istəyirəm. 8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm...”

Bu zaman Ata Abdullayev hönkür-hönkür ağlayıb.

Növbəti məhkəmə prosesi oktyabrın 26-na təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...