MTN işində bankir oğlu sirlər açdı: “Atam dedi, sizdən narahatam...”

MTN işində bankir oğlu sirlər açdı:

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov və digər vəzifəli şəxslər qanunsuz əməllərindən zərərçəkənlərdən biri də "Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin oğlu Kəramət Əliyevdir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Etibar Əliyev həbs olunandan sonra onun oğlu Kəramət Əliyev MTN-ə çağırılıb, orada incidilib.

Kəramət Əliyev istintaqa verdiyi ifadəsində göstərib ki, atası Etibar Əliyev 1993-cü ildən etibarən "Texnikabank” ASC-nin müşahidə şurasının sədri vəzifəsində çalışıb: "2012-ci il martın 6-da atam ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən evin qarşısında tutuldu, sonra idarəyə aparıldı. Orada da həbs olundu”.

Kəramət Əliyev qeyd edib ki, mayın 7-də istintaqa çağırılıb: "Məni şöbə rəisi Vüsal Ələkbərov qəbul etdi, şifahi dindirdi. Mən heç nəyə imza etmədim. Vüsal mənə üzümə adam qoyaraq tutacağı ilə hədələdi. Guya kassadan kiminsə pul götürərək mənə verdiyini, yəni mənim kassadan qeyri-rəsmi pul götürdüyümü dedi. Vüsala belə bir şey olmadığını dedim. Vüsal üzümə adam qoyacağını, məni tutduracağını bildirdi”.

Kəramət Əliyevin ifadəsinə görə, növbəti günlərdə Vüsal Ələkbərov və idarənin rəis müavini Təhsin Ağayev onu mütəmadi olaraq MTN-ə çağırıb: "Məni şifahi dindirib, sonra tutulacağımla hədələdilər. Təhsil və Vüsal mənim tutulmamağım üçün 3 milyon manat tələb etdilər. Onlar Mövlam Şıxəliyevin tələbinin belə olduğunu, mənim məsələmin atamın məsələsinə adiyyatı olmadığını bildirdilər. Atam hətta bir dəfə Vüsalın nömrəsi ilə mənə zəng etdi. Atam öz işimi həll etməyimi, mənə görə narahat olduğunu dedi. Mən də hədələrdən qorxaraq, psixi gərginlik keçirdim. Mövlam Şıxəliyevin Vüsal və Təhsin vasitəsi ilə dedikləri tələblərlə razılaşdım. Amma 500 min avro düzəldə bilməyəcəyimi dedim”.

Kəramət Əliyevin bildirdiyinə görə, bundan sonra bir dəfə Təhsin Ağayevin xidməti otağında görüşüb: "Görüş zamanı Təhsin məndən Mövlam Şıxəliyevin pulu nə vaxt verəcəyim barədə maraqlandığını və nə cavab verdiyim barədə soruşdu. Mən də Təhsinə atamın dostu, türk iş adamı Əhmədə borc verməsi üçün müraciət etdiyimi bildirdim. Təhsin həmin zaman öz nömrəsindən Əhmədə zəng etdi, ondan "Kəramət sənə nə deyib?” soruşdu. Əhməd də cavabında sadəcə təsdiqlədi. Əhməd həmin danışıqdan 3-4 gün sonra 500 min avronu mənə "Port-Baku”da yerləşən ofisində verdi. Mən də pulu həmin gün saat 16 radələrində MTN-in arxa qapısında Vüsal Ələkbərova verdim. Vüsal Ələkbərov mənim "Mercedes S klass” markalı maşınıma əyləşdi. Məndən nə qədər pul olduğunu soruşdu. Ona 500 min avro düzəldə bildiyimi dedim. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin 3 milyon manat istədiyini dedi. 500 min avroya Mövlamın razı olmayacağını bildirdi. Ona bundan artıq pul düzəldə bilməyəcəyimi söylədim. Vüsal Ələkbərov pulu götürdükdən sonra getdi”.

Kəramət Əliyev qeyd edib ki, bundan sonra Vüsal Ələkbərov və Təhsin Ağayev bir müddət onu narahat etməyib: "Həmin ərəfədə Vüsal və Təhsin mənə əmlaklarınmı satıb, pul düzəltməyi təklif etdilər. Mən də əmlakların həbsdə olduğunu dedim. 2012-ci ilin sentyabrın əvvəllərində Vüsal Ələkbərov zəng edərək məni MTN-ə dəvət etdi, pulu tam verməyi tələb etdi. Vüsala axı məsələnin həll olunduğunu dedim. Vüsal isə "axı mən kiməm ki, ay Kəramət” dedi. Mən artıq pulum olmadığını dedim. Vüsal mənə H.Əliyev küçəsi 63 ünvanındakı 5 mərtəbəli binanı onların adamlarına satmağı təklif etdi. Mən həmin əmlakın həbsdə olduğunu dedim. Vüsal isə həmin əmlakın həbsdən çıxaracağını bildirdi”.

Kəramət Əliyev deyib ki, 2012-ci ilin sentyabrın ilk günlərində atası Etibar Əliyev Vüsal Ələkbərovun telefonundan ona zəng edib: "Mən həmin vaxt atamla danışdım. Atam dedi ki, Vüsalın dediyi məsələni Allah xətrinə həll edin, mən sizdən narahatam. Mən atamın əmlakının satılmasını və pulu MTN-ə verilməsini istədiyini başa düşdüm. Həmin əmlak anam Esmira Bayramovanın adına olub. 2012-ci il sentyabrın əvvəllərində Vüsal Ələkbərovla birlikdə Nərimanov rayonunda yerləşən dövlət əmlakının qeydiyyat idarəsinə getdik. Orada aşağıda gözlədim. Vüsal Ələkbərov isə sənədlərlə həmin idarənin rəisinin yanına getdi. Təxminən yarım saatdan sonra oradan çıxanda həmin əmlakın üzərindən həbsin götürüldüyünü və alqı-satqının mümkün olduğunu dedi”.

Kəramət Əliyevin bildirdiyinə görə, sentyabrın 8-də Vüsal Ələkbərovun tələbi ilə birlikdə 6 saylı notariat kontoruna gediblər: "Vüsal Ələkbərov sənədlərlə birlikdə mənim seçdiyim notarius Ərəstunun yanına girdik. Vüsal Ələkbərov sonra aramın razılıq verməsi üçün MTN-ə aparmalı olduğunu bildirdi. Sentyabrın 10-da öz maşınım ilə Ərəstunu MTN-ə apardım. Atamın razılıq ərizəsi Ərəstun tərəfindən alındı. Sentyabrın 11-də götürərək notariusun yanına getdik. Orada Vüsal mənə obyekti öz adamları olan Eldar adlı şəxsə satacağımızı dedi. Vüsal Ələkbərov orada hətta istədi ki, alqı-satqını orada edək, pulu ona verək. Ərəstun buna razılaşmayaraq pulun banka qoyulacağını bildirdi. Həmin gün anam alqı-satqı müqaviləsinə qol çəkdi. Sonra biz "Bank Respublika”nın 28 may metrosunun yanında olan filialına getdik. Anam pulu oradan götürdükdə obyektin 3 milyon manata satıldığını bildik. Çünki qiyməti biz heç kimlə razılaşmamışdıq. Qiyməti Vüsal Ələkbərovun özü müəyyən etmişdi. Həmin gün pulu Vüsal və Təhsinə verdim. MTN-in inzibati binasının yaxınlığında yerləşən "İmperator” yanında görüşdük. 3 milyon manatı iki ədəd idman çantasında məndən aldılar. Təhsin həmin vaxt çantaların ağır olduğunu da mənə dedi. Bundan sonra məni narahat etmədilər”.

Bankir oğlunu ifadəsinə görə, təxminən 2-3 gün sonra Eldarla birlikdə obyektə gedib: "Eldar məndən halallıq istədi. Mən ona halallıq vermədim. Obyektin bizdən zorla alındığını dedim. Daha sonra Eldarı obyektdəki icarəçilərlə tanış etdim. Eldar bir dəfə söhbət zamanı mənə Anarın tanışı olduğunu, Anarın da Etibarla birlikdə tutulduğunu, Anarın qardaşı Sahibin onu yaxşı tanıdığını dedi. Eldarın naşı adam olduğunu hiss etdim. Eldar iş adamına oxşamırdı. O, musiqiçi olduğunu dedi. Eldardan obyektin kimin aldığını da soruşdum. Eldar da mənə guya Rusiyadan hansına qohumunun pul göndərdiyini, obyekti də həmin adam üçün aldığını dedi. Sonradan Anarın qardaşı Sahibdən Eldarı soruşdum. Sahib Eldarı tanımadığını dedi. Mən də Eldarın yadımda qalmayan nömrəsinə zəng etdim, Sahiblə danışdırdım. Hal-əhval edəndən sonra Sahib Eldarı xatırladığını, uzaq qohum olduqlarını dedi. Həmin zaman Eldarın ortalığa atılmış adam olduğunu, obyektin əslində Sahibin aldığını başa düşdüm. Çünki həm də alqı-satqıdan təxminən az müddət sonra Anar azadlığa buraxıldı. Atam azadlığa çıxandan sonra bu barədə ona danışdım. Atam buna inanmadı”.

Kəramət Əliyevin ifadəsinə görə, həmçinin Anar azadlığa çıxandan sonra onunla görüşdən qaçıb: "Sonradan obyektlə bağlı məhkəmə prosesləri gedən zamanı Anar ortalığa çıxdı, atama özünü Eldarın yaxın qohumu kimi təqdim etdi. Guya Eldarın obyekti satdığı adamların Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamları olduğunu və obyektin əsl sahibinin İlham olduğunu, Ali Məhkəmənin sonuncunun adamlarının xeyrinə qərar çıxaracağını, İlhama problem yaratmamasını dedi. Atam da İlhama problem yaranmasın deyə iddiadan əl çəkdi”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
98 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...