Biləsuvarda su böhranı davam edir

Biləsuvarda su böhranı davam edir
Neftçala rayonundan sonra Biləsuvar rayonunda da su çatışmazlığı davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsinə ötən gün müəyyən qədər su verilsə də, bu gün su yenidən quruyub. Bu hal yenidən təkrarlandığı üçün sakinlərin ciddi narahatlığına səbəb olub.

Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri ilə yanaşı, Dərvişli və Aşağı Cürəli kəndlərində su çatışmazlığı yaradıb. Qeyd olunan kəndlərdə suya olan tələbat artdığından hazırda problem həll olunmamış qalır. Bu səbəbdən sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən kanaldan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabada istifadə olunur.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Bu da Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...