Əməkdar artist: “Sponsorum yoxdur”

Əməkdar artist:


“Bir neçə ay öncə sənətçilərin vergidən yayınması məsələsi gündəmə gəlmişdi. Əgər müğənnilər qeyri-leqal yolla pul qazanırlarsa, ondan qat-qat artıq xərcləyirlər. Sənətçinin ansamblında nə qədər musiqiçi var? Sənətçilər də onları dolandırır”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib.

Sənətçi cəmiyyətdə dolaşan “Müğənnilər varlıdır, toylarda qaz vurub, qazan doldururlar” düşüncələrini alt-üst edib:

“Bəstəkarlar, şairlər müğənnilərdən dolanır. Mahnıların aranjimanı, səs yazması var. Müğənni səhnəyə çıxmaq üçün gözəllik salonuna gedir, səhnə libası alır və ya tikdirir. Bunlar heç biri havayı başa gəlmir.

Gözəllik salonları və geyim mağazaları da müğənnilərdən qazanırlar. Görün, bir müğənni neçə ailəni dolandırır və nə qədər xərci olur?”

Əməkdar artist bəzi müğənnilərin evlərini və villalarını nümayiş etdirməsinə qarşı çıxıb:

“Bəzi müğənnilər dəbdəbəli villalarını, bağ evlərini nümayiş etdirirlər. Tamaşaçı da baxıb deyir ki, bu müğənnilər “qaz vurub qazan doldurur”. Qurunun oduna yaş da yanır. Əsl ulduz öz evini göstərməməlidir”.

L.Məmmədova sponsorunun olmadığını və yaradıcılığı ilə bağlı işləri öz hesabına ərsəyə gətirdiyini vurğulayıb:

“Ağlamağı sevmirəm. Atam Bakı Dövlət Universitetinin professorudur. Bəlkə də mənim bir gündə qazandığım atamın üç-dörd aylıq maaşına bərabərdir. Bu gün yüksək qonorarlı müğənnilər sırasındayam. Amma sponsorum yoxdur. Özüm özümü maliyyələşdirən sənətçiyəm. Əgər tamaşaçı qarşısına çıxıramsa, yeni mahnı və ya klip lentə almalıyam. O qədər olub ki, bu işləri görmək üçün yaxın dostlarıma ağız açıb, onlardan borc pul götürmüşəm. Bunu isə heç kim bilməyib.

Kimdənsə asılı olmağı sevmirəm. Dövlət tərəfindən aldığım maaş 300 manata yaxındır. Bəli, toya gedirəm, amma bu məclislər gündə olmur.

Lalə Məmmədovanın konsertinə gələn tamaşaçı sponsor plakatına və yazısına rast gələ bilməz. Konsertləri, musiqi gecələrini öz zəhmətimlə etmişəm. Bu işdə isə mənim yardımıma solisti olduğum Azərbaycan Dövlət Televiziyası yetişib. Onlar konsertlərimi çəkib, lentə alıblar. İlk solo konsertim Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında olub. Teatrın solisti olduğum üçün həmin qurumda konsert proqramı ilə çıxış etmək öhdəliyim var idi. Üç gün teatrda solo konsert proqramı ilə çıxış etdim. Balaca səhnədə mənim üçün böyük dünya quruldu. Bunları unutmaq olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...