Ölkədə ərzağı bahalaşdıran kimlərdir?

Ölkədə ərzağı bahalaşdıran kimlərdir?

Ekspert: "Əgər hökumət kömək etmək istəyirsə, taxılın əlavə dəyər vergisindən azad olunmasını təmin etməlidir ki…"
Azərbaycanda son zamanlar bəzi məhsullaırn qiymətində artım müşahidə edilir. Xüsusilə də insanlar unun qiymətinin qaldırılmasından şikayət edib, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşırlar. Bəzi mağazalarda isə un məmulatlarının çeşidləri azalıb. Hökumət ölkədə ərzaq çatışmazlığının olmadığını bildirir. Bəs qiymətləri qaldıran kimlərdir?


AzTV-nin efirində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımına və süni qıtlığın yaradılmasına qarşı ciddi tədbirlər görür: "Məhsulların qiymətləri gündəlik monitorinq edilir. Əfsus ki, bu cür vəziyyətdə bəzi sahibkarlar süni qiymət artımına və süni qıtlığa meyl göstərir. Bu hallar dərhal araşdırılır və qarşısı alınır, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür" deyə, o qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə report-a bildirib ki, hazırda ölkənin əsas un emalı müəssisələrinin anbarlarında bütövlükdə ölkə üzrə üç aylıq buğda ehtiyatı mövcuddur. Onun sözlərinə görə, sahələrdən buğda yığımı isə iyunda həyata keçirilir: "Bununla yanaşı, hazırda ölkənin un emalı dəyirmanları əhalinin tələbatına uyğun istehsal gücünə malikdir”.

O deyib ki, ötən həftə ölkədə istehlakçılar ajiotaj yaradaraq un istehlakını artırdılar: "İnsanlar evlərində un ehtiyatı yaratmaq istəyirdilər. Ölkədə una kəskin təlabat artmışdı. Bir istehsal xətti ilə işləyən dəyirmanlar iki istehsal xətti ilə işləyərək əhalinin təlabatını çatdırmağa çalışırdılar. Un dəyirmanlarının qarşısında növbə var idi. Lakin unun qiymətinin artmasından söhbət gedə bilməzdi. Artıq təchizatçılar adi templə işləməyə davam edir. Hazırda isə un emalı dəyirmanları əlavə sifariş gözləyir”.

Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətləri qaldıranların cəzalandırılacağı ilə bağlı verilən bəyanatların hüquqi əsası yoxdur: "Yəni Azərbaycanda dövlət tərəfindən tənzimlənən qiymətlər var ki, dövlət onlara nəzarət etməlidir. Antiinhisar qanunvericiliyi də var ki, bazarın 30 fazinə nəzarət edən şirkətlərin sövdələşmələri, qiymət artırmaları sübut olunursa, onlar da cəzalandırıla bilər. Azərbaycanda bazar iqtisadiyyatı qaydalarıdırsa, qiymətin artımına görə hansısa cəzanın nəzərdə tutulması normal yanaşma deyil. Dövlət ancaq qazancdan sahibkarın vergini doğru ödəyib-ödəmədiyini nəzarətdə saxlamalıdır. Yəni bu, çox prinsipial məsələdir. İndiki şəraitdə biznes həqiqətən də çox ağır vəziyyətdədir. Ona görə də nəzarət, cəza mezanizmini gücləndirərək bir qədər də sıxmağın əleyhinəyəm".

Ekspert unun qiymətinin qalxması ilə bağlı aşağıdakıları söyləyib: "Dünyada vacib bir tendesiya gedir. Ərzaq, o cümlədən buğdanın qiymətində 10-15 faiz artım olur. Bəzi ölkələr ümumiyyətlə, ixracatı qadağan edib. Məsələn, Rusiya və Qazaxıstan ancaq dövlətin icazəsi olduqdan sonra taxın ixracına icazə verir. Yəni bu, çox vacib məsələdir və dünyada taxıl bazarına ciddi təsir göstərir. Azərbaycanda un istehsalının böyük əksəriyyəti yerli istehsaldır. Lakin orada istifadə olunan taxılın ən azı 60 faizi xaricdən gətirilir. Çünki yerli taxıldan keyfiyyətli un almaq mümkün deyil. Ona görə də dəyirmanlarımız unu üyüdən zaman qatmağa məcburdurlar. Ən yaxşı halda 40 faiz yerli buğda, 60 faiz isə xaricdən gətirilən - Qazaxıstan, Rusiya və ya Ukrayna buğdasından istifadə edilir. Onların qiyməti qalxır. Əgər hökumət kömək etmək istəyirsə, taxılın əlavə dəyər vergisindən azad olunmasını təmin etməlidir ki, karantin dönəmində qiymətlərin artımının qarşısını iqtisadi metodlarla alsın".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...