Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır? - TÖVSİYƏ

Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır? -
"Hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu Günay Əhmədova deyib.

O bildirib ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur: "İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir. Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik".

G.Əhmədova onkoloji xəstələrin immunitetlərini gücləndirmək üçün görməli olduqları tədbirlərə və hansı qidaları qəbul edilməsinin vacibliyinə də toxunub: "Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin, çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın. Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir".

"İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.

Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin. Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın"- deyə mütəxəssis qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...