Maskalar bizi koronavirusdan qoruyurmu? – Həkim məsləhəti

Maskalar bizi koronavirusdan qoruyurmu? –

Koronavirus epidemiyasının yayılması ilə tibbi maskalara tələbat artıb. Həmçinin apteklərdən tibbi spirt alanlar da həddən artıq çoxdur. Azərbaycanda virusa yoluxma halı qeydə alınmasa da, epidemiyanın İranda yayılması əhalinin təhlükəsizlik üçün daha ciddi tədbirlər görməyə meyilləndirib.

Axar.az xəbər verir ki, bu da təbii olaraq tibbi maska və spirtin qiymətini artırıb. Adi günlərdə 10 qəpiyə satılan maskalar koronavirus epidemiyası yayılandan sonra bahalaşıb.

Həmçinin tələbat çox olduğundan artıq apteklərdə tibbi maska çətin tapılır. Tibbi maskalar bəzi apteklərdə 25 qəpiyədir, mərkəzə yaxın yerləşən apteklərdə isə 40 qəpiyə təklif olunur. Hazırda apteklərdə daha baha qiymətə maskalar da var ki, onların qiyməti 2 manatdır. O maskaların isə üçqat qoruyucu təbəqəsi mövcuddur.

Tibbi spirtin qiyməti isə 40 qəpikdən 55 qəpiyə qalxıb.

Bəs koronavirusa yoluxmamaq üçün mübarizədə ilk əl atdığımız tibbi maskalar bizi nə dərəcədə qoruyur? Bir tibbi maska nə qədər istifadə edilə bilər?

Mövzunu saytımıza şərh edən ekspert Adil Qeybulla bildirib ki, bu kimi məqamlarda mütləq tibbi maskalardan istifadə edilməlidir:

“Təbii ki, tibbi maskalar təhlükənin qarşısını alır. Tibbi maskalar insanı qarşısındakı birinin asqırmasından, öskürməsindən qoruyur. Əgər o maska tibbi göstərişlidirsə, o mütləq şəkildə hava-damcıdan qoruyucu xüsusiyyətə malikdir. O maskalardan cərrahlar əməliyyat masasında da istifadə edir. Bəzi xəstələr var ki, yoluxucu xəstəlikləri olur. Onların əməliyyatında da cərrahlar həmin tibbi maskalardan istifadə edirlər.

Ancaq bu maskalar gün ərzində tez-tez yenilənməlidir. Tez-tez asqıran, öskürən insanlar yaxşı olar ki, hər yarım saatdan bir maskanı yeniləsin. Hansısa xəstəliyə, virusa yoluxmamaq üçün taxılan maska isə 1-2 saatdan bir dəyişdirilməlidir. Əgər maska nəm olubsa, həmin dəqiqə əvəzlənməlidir”.

A.Qeybulla bildirib ki, təkcə maska taxmaqla qorunmaq mümkün deyil:

“Hazırda təəssüf ki, tibbi maskaların indeksi yaradılıb. Hamı elə hesab edir ki, tibbi maska taxmaq kifayət edir ki, virusa yoluxmayasan. Ancaq belə deyil. Vətəndaşlar xüsusilə ictimai nəqliyyatda ehtiyatlı olmalıdır. Evə, iş yerinə daxil olarkən əllər mütləq şəkildə yuyulmalıdır. Asqıran, öskürən insanlardan uzaq gəzmək, əhalinin sıx toplaşdığı yerlərdə olmamaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...